Müsahibələr
23 İyun 2023
17:13
Babaları da müsavatçı olan Vaqif Səmədoğlu nədən qorxur?!..

                                       Babaları da müsavatçı olan Vaqif Səmədoğlu nədən qorxur?!..

 

 Heç bir təqdimata ehtiyac duymadan oxucumu Vaqif Səmədoğlu ilə birillik ayrılıqdan sonra üz-üzə söhbətə çağırıram.

Sizinlə görüşümüzdən bir il keçir, bu bir il ərzində nə etmisiniz, nə kimi dəyişikliklər olub?

– Yeni şeirlər yazmışam, yeni pyesim “Generalın son əmri” adı ilə Gənclər Teatrında səhnəyə qoyulub. Havalar ötən ilkindən də isti keçir. Siyasi-ictimai durum daha da gərginləşib və problemlər daha da çoxalıb. Bu il ərzində həyat bir daha sübut etdi ki, insan istədiyi kimi yalnız tam demokratiya şəraitində yaşaya bilər, bir daha sübut etdi ki, bizdə hələ demokratiya çox var.

 

– Ötən ilə qədər bir ziyalı, bir qələm əhli kimi demək istədiklərinizin qarşısında çox maneələr var idi?

– Maneələr hələ də götürülməyib. Birbaşa ədəbi senzor yoxdur, mən onsuz da həmişə istədiyimi yazmışam. İndi maliyyə maneələri mövcuddur, çap olunmağın birbaşa iqtisadiyyatla bağlılığı böyük maneələr törədir. “Mən burdayam, İlahi” kitabından da böyük bir kitabım tərtib olunub, “Uzaq, yaşıl ada” adlı, amma çap etdirməyə vəsait yoxdur.

Yeri gəlmişkən, “Mən burdayam, İlahi” kitabınızdan ilk baxışdan bir bədbin ruh özünü büruzə verir...

– O ilk baxışdan elədir. Bədbinliyi mənfi hal saymıram. Əsassız nikbinlikdən, əsaslı bədbinlik yaxşıdır.

Tanrını gah uzaq planet adlandırır, gah inanırsınız ona, gah inanmırsınız?

– Mən Allaha inanıram, fəqət onunla insan arasında kiminsə vasitəçiliyinə yox, Tanrı ilə birbaşa ünsiyyətin tərəfdarıyam. Bütün dinlərin tarixi məlumdur, amma Tanrının yox. Onunçün dindar adam deyiləm.

Şeirlərinizin birində deyirsiniz ki, Allah, bəlkə, sənin də xətrinə dəymişəm, sərxoş vaxtlarımda, başqa birində deyirsiniz: Mən yalnız yuxumda və şeirlərimdə ayıq oluram...

– Mən dəfələrlə müşahidə etmişəm ki, yazıçı, şair kağız-qələmlə qalanda daha ağıllı olur, qələmdən ayrılanda fikrini verir xırda intriqalara. Yazıçı var ki, şəxsiyyətini tanıyırsansa, əsərini oxuyub heyrətə gəlirsən ki, yəni bunu bumu yazıb? Yazıçının əsl şəxsiyyətini onun bədii əsərlərində tapmaq olar. Yaratdıqlarından kənarda bəzən kiməsə xoş gəlmək üçün başqa cür olursan, bəzən içindəki şeytanı qovmağa güc tapa bilmirsən.

Belə məqamlarda birinci Vaqif Səmədoğlu ikinciyə kənardan nə tövsiyə edir?

– Mən bu insan deyiləm,

Şeirlərdə sözəm mən

Anam olsa da mənim,

Məni doğan özüməm.

Belə bədbin şairin yazdığı “Bəxt üzüyü”nə, “Generalın son əmri”nə, “İntihar”a baxanda hamısının eyni qələmdən şıxdığına inanmaq olmur.

– Mənim sonu faciə olmayan komediyam yoxdur. Onları bir-birindən ayıra bilmirəm, hamısında özüm varam.

– 1982-ci ildə bir damla yağış, bir az konyak və göz yaşı istəyirəm – deyən şairə bu gün nə lazımdır?

  •  O bir əhval şeiridir, onun da yaşamaq haqqı var. Bu gün sponsor lazımdır və bu məsələdə məni bir məqam heyrətə gətirir. İctimaiyyət arasında anlaya bilmədiyim bir qorxu var. Mənim hörmət etdiyim, məni bir yazar kimi sevən, tanıyan şəxslər Müsavat Partiyasının üzvü olduğumdan sponsorluqdan imtina edir. Axı mən həmişə şair olmuşam, sovet dövründə də, indi də Müsavat Partiyasının üzvüyəm və üzvü olaraq da qalacam. M.Ə.Rəsulzadənin yaratdığı partiyadır, mənim babalarım həmin partiyanın mərkəzi komitəsinin üzvləri olublar. Şeirlərimin partiyanın nizamnaməsinə, proqramına əsasən yazmıram. Dəhşətli bir anlaşılmazlıq məni heyrətə gətirir. Biz anormal bir cəmiyyətdə yaşayırıq. Xahiş edirəm düzgün başa düşün, bu mənim gileyim deyil. 20 il çap olunmamışam, yenə olunmaram. Gələcək nəsillər çap etdirərlər, ölümümdən sonra. Təbii ki, yazan adam çap olunmasını istəyir. Məni heyrətə gətirən bir xof bu qorxudur. Mən bu qorxudan qorxuram.

 

                                                   Söhbətləşdi: Ramilə Qurbanlı.

Tags