Haqqında yazılanlar
13 İyul 2023
10:37
Tanrıya ünvanlanan şeirlər - Bəsti Əlibəyli yazır 

                                    Tanrıya ünvanlanan şeirlər

                            

Şairin yaratdığı şeirdə oxucunun dərk elədiyi mənalarla yanaşı ayrı bir məna da olur ki, bunu yalnız bir özü bilir, bir də başı üstündəki Allah. Əlbəttə, söhbət həqiqi sənət əsərindən gedir:

 

 

Ağlama, qələm, ağlama...

Söz yolunun min daşından

Neçə qələm beli sınıb,

Neçə qələm izi yanıb...

Biri yazıb, biri pozub,

Biri deyib, deyiləni

O biri min yerə yozub...

 

İllah da bu şair təkliyini “nə bir dövlət bayrağının kölgəsinə, nə bir qadın səsinə, nə övlad nəfəsinə, nə də, bağışla, Allah, sənə” dəyişməyən Vaqif Səmədoğlu qələmidirsə, oxucunun yozuculuqdan savayı əlacı qalmır.

“Mən burdayam, ilahi” – sayca üçüncü kitabıdır şairin. Mənim yozumuma görə Vaqif Səmədoğlu doğulub yaşadığı Vətəndə öz içinə ömürlük sürgün olunmuş mühacir şair, yaratdığı isə etiraz, dissident poeziyasıdır:

 

Sən mənim

doğma anamsan, Azadlıq,

mən sənin

yad qapısında böyümüş balan...

 

 

və ya

 

 

“Vətən” sözünü

pıçıltıyla deyirəm.

Allaha inanıram,

qaranlıq düşəndən sonra.

Azadlıq kəlməsi

ovda çıxır ağzımdan,

o da yalnız

tüfəngim açılan anda...

 

 

deyən Vaqif Səmədoğlu etirazı təkcə siyasi məntiqə deyil, həm də “yer üzünün bütün məntiqlərinə meydan oxuyan” bir etirazdır, imtinadır.

Həm də Allah, Azadlıq, Tənhalıq, Ölüm bir də qaranlıqda işıq, ayrılıqda yaxınlıq, məhbəsdə Azadlıq tapmaq böyüklüyü hopub bu şeirlərin canına. Və bir də adi gözlə görünməyənlərin kəşfi, öyrəşdiyimiz təsvirlərə, bənzətmələrə bənzərsizlik.

Ölüm Vaqif Səmədoğlu şeirlərinin baş qəhrəmanlarındandır. Ancaq bu, bir gün yarananın bir gün yox olacağını bilmək iztirabından deyil. Əksinə, bu iztirablardan adi gözlə görə bilmədiyimiz, “doğma bir səs qədər yaxın”. Ölüm doğulur. Elə bir ölüm ki,

 

 

Yola çıxanda

bir yoldaşın ayrılıq,

o biri ölüm olsun

həmişə.

Onların etibarına güvən,

güvən, rahat get

çıxdığın yolu...

 

Bütövlükdə Vaqif Səmədoğlu gözümüzün öyrəşmədiyi şairdir, başqalarına bənzəməyən şairdir. Onu alın yazısı başqalaşmağa qoymur. Çünki, o dilinə gələn sözlərin quludu, ürəyində qalanların dəlisi. Bu, etiraf deməkdi, olduğu kimi görünməkdi. Bu xislət isə çoxlarına yaddı, qəbul olunmazdı. Odur ki, Vaqif Səmədoğlu etiraflarını, şeir-dualarını insana yox, Tanrıya ünvanlayıb: “Mən burdayam, İlahi”

Sonda bircə təəccübümü bildirmək istərdim. Bütün kəshakəs vaxtlarında sözünü kəsməyən şair indiki “azad və müstəqil” vaxtımıza az yazır. Bəlkə, ona görə ki, onun yaradıcılıq ömürlüyündə həzin-həzin, asta-asta oxuduğu “solo”nu indi aşkarlıq xorunda az qala “cəngavərcəsinə” oxuyurlar? Məncə, məsələ bunda deyil, məsələ ondadı ki, Vaqif Səmədoğlu ömrü boyu “solo” oxuyub, məsuliyyəti tək çəkib. Ona görə də xorda oxumaq və mahnının pisliyini bir-birinin üstünə yıxmaq xasiyyəti ona yaddır.

                                                                          Bəsti Əlibəyli

Tags