Müsahibələr
05 İyun 2023
05:56
Təyyarədə də şeirlər yazıram - Vaqif Səmədoğlu ilə söhbət

İsa Qəmbərlə görüş mənimçün həmişə maraqlıdır                                              

                                                       

Onun Milli Məclisə gedişi səs-küylə qarşılandı. Elə Strasburq səfərinin rezonansı da bu cür oldu. Amma Strasburqdan aldığımız xəbərlər isə bunların hamısını vurub keçdi. Milli Məclisin üzvü, şair Vaqif Səmədoğlununhər addımı indi əməllicə müzakirəyə çevrilir. Hamı şairin dediklərindən özünün istədiyi qənaəti alır. Bircə, Səmədoğlu özü bilir, nə istədiyini.

V.Səmədoğlunun aktiv siyasətə qatılması ilə bağlı Avropadan şok xəbər gəldi. Hamı şairin bir müddət əvvəl parlamentin iclasına qatıldığı üçün çıxarıldığı Müsavat Partiyası yönümlü partiya yaratmaq istəyindən danışmağa başladı. Və hamı da bunu Müsavata qarşı yönələn addım kimi xarakterizə etdi. Bircə, Müsavat və onun rəhbərlərindən başqa. Görünür, yanılmayıblar. Çünki Vaqif bəylə Avropaya səfərindən sonra etdiyimiz ilk söhbətdə, biz də bu təəssürata kökləndik.

Vaqif bəy, söhbətə Avropa səfərindən başlayaq. Tez-tez Avropada olursunuz. Bu dəfə təəssüratınız necə oldu?

– Avropanı bəyəndiyim saatlar da olub, bəyənmədiyim də. Avropadan dəlicəsinə qaçıb vətənə qayıtmaq istədiyim anlar da olub. Avropa başqa insanlardır, başqa dildə danışan insanlardır. Amma ağaclar eyni, torpaq eyni, ətirlər, qoxular, iylər eyni...

– Nümayəndə heyəti ilə münasibətləriniz necə idi?

Çox normal. Məni nümayəndə heyətində sevindirən əsas cəhət o oldu ki, doğrudan-doğruya Azərbaycan mənafeləri partiya mübahisələrini arxa plana çəkdi.

İlham Əliyev nümayəndə heyətinə daxil olan müxalifətçilərdən razılıq edib. Siz necə, ondan razı qaldınızmı?

– Mənə yaxşı təsir bağışladı. Amma bu, ilk təəssüratdır. Gələcəkdə necə olacaq, bilmirəm.

Doqquz gün səfərdə olmusunuz. Ən çox nəyi xatırlayırsınız?

– Mənim ən böyük təəssüratım, yəqin ki, sənə də, oxuculara da gülməli gələcək. Bu səfərdən təəssüratım o oldu ki, Strasburqda Azərbaycanın bayrağı qalxdı. Unudulmaz məqam idi. Bir də vallah, deməyə də qorxuram...

Yox, deyin.

– Mən oteldə beşinci mərtəbədə qalırdım. Bir gün səhər gördüm ki, beşinci mərtəbə yüksəkliyində pəncərəmin qabağından bir durna uçdu. Şəhərin içində. Onu mən ölənə qədər unutmayacam.

Siz Avropada olanda Azərbaycanda belə bir xəbər yayıldı ki, Vaqif Səmədoğlu partiya yaradır.

– Yalnız və yalnız bir ideyadır, bir projedir. Mən hələ düşünürəm və hələ konkret deyil. Görək, sosial baza olacaq ya, yox. Sosial baza olmadan heç vaxt partiya yaratmaram. Yenə də deyirəm, hələ ki bu, bir projedir.

 

Yəni nəzəri bir şeydir?

– Nəzəri bir şeydir. Ola bilsin ki, bir-iki aydan sonra mənimçün aydın olacaq ki, partiya yaratmaq ideyası beynimdə ən zəif şeirim olub.

Amma sizin nəzəri ideyalarınız Bakıda böyük rezonansa səbəb oldu. Hətta qəzetlərin manşetinə də çıxarıldı.

– Olsun, olsun. Hətta “Azadlıq” qəzeti yazıb, guya demişəm, müsavatçılıq ideyaları heç kəsin inhisarında ola bilməz. Aşağıda da qəlyanla şəklimi verib.

Aha...

– Hə də, İsa bəyə sataşırlar. Yəni qəlyan çəkmək də guya heç kəsin inhisarında deyil. Mən belə başa düşdüm. Bəlkə də bu, təsadüf olub, nə bilim.

Vaqif bəy, Müsavatdan çıxandan sonra İsa bəylə...

– Müsavatdan çıxandan sonra yox, Müsavatdan çıxarılandan sonra.

Yaxşı, Müsavatdan çıxarılandan sonra İsa Qəmbərlə görüşünüz olubmu?

– Yox. Kim çıxarıbsa, görüşə də o, təşəbbüs göstərməlidir.

– Zərurət də hiss etməmisiniz?

– Hiss etmişəm, niyə hiss etməmişəm ki. Hətta partiya yaratsam, adını qoyacam “Müsavata həsrət” Partiyası. Ya da sadəcə olaraq, Həsrət Mərkəzi.

Eşitdiniz də, Hafiz Hacıyev adlı birisi Müasir Müsavat adlı partiya yaradır.

– Onunla tanışlığım yoxdur.

Şəxsin kimliyini qoyaq qırağa. Söhbət faktdan gedir. Xəbəri necə qarşıladınız?

– Bu xəbəri? Adi. Hər bir insanın, hər bir vətəndaşın, o cümlədən o adamın da partiya yaratmaq hüququ var. Yaratsın, səmimi qəlbdən uğurlar diləyirəm. Amma Müsavat adından istifadə etmək? Müsavat Partiyası kifayət qədər sosial bazası olan, kifayət qədər hörməti olan partiyadır. Bu adda da partiya var və təzədən Müsavat Partiyası yaratmağın nə mənası? Mən bunda heç bir məna görmürəm.

Vaqif bəy, tutaq ki, indi çox vacib bir işiniz var və İsa Qəmbər də sadəcə hal-əhval tutmaq üçün sizi görüşə çağırır. Elə-belə görüşə. Hansını seçərsiniz?

– Əlbəttə ki, İsa bəylə görüşərəm. İsa bəylə görüş hər zaman maraqlıdır mənimçün.

Amma deyəsən, aranızı vurmaq istəyirlər?

– Aramızı vurmaq istəyirlər. Görmürsən, qəlyanla şəklimi verirlər?

Müsavata dəvət etsələr necə, qayıdacaqsınız?

– Dəvət olsa, fikirləşərəm. Gərək söhbət edək, məsləhətləşək. Çıxarılmazdan qabaq necə məsləhətləşmişdim, dəvət olunsam da məsləhətləşəcəm.

– Son müsahibəmizdə Milli Məclisdə ziyalılardan ibarət fraksiya yaradacağınızı demişdiniz. Bəlkə partiya yaratmaq ideyası da burdan qaynaqlanıb?

– Yox. Bunlar ayrı-ayrı şeylərdir.

Amma mən parlamentdə ziyalılar fraksiyasının yaranmasını müşahidə edirəm. Məsələn, bütün ziyalılar siz əyləşdiyiniz sıraya toplaşır. İclasa qatılan müxalifətçilər sırasında Rəfael Hüseynovun da sizin oturduğunuz cərgəyə üz tutması diqqətimdən yayınmayıb.

– Rəfael Hüseynov Anarın pərəstişkarıdır. Anar da orda oturur. Sabir Rüstəmxanlı da ona zarafatla dedi ki, burda niyə gəlib oturmusan, bizimlə oturmamısan?

– Fraksiyanın yaranması istiqamətində müzakirələr olubmu?

– Müzakirələr olub. Danışmışıq, amma hələ ki, yığışmamışıq. Bilirsən problem nədir? Görünür, konkret adam təşəbbüsü almalıdır əlinə. Orda da təşəbbüskar adamlar var. AXCP-dən də, Vətəndaş Həmrəyliyindən də...

– Azərbaycanı Avropa Şurasında on iki nəfər təmsil etdi. Nümayəndə heyətinin altı üzvü daimi, altısı isə müvəqqəti idi. Deyilənə görə, daimi üzvlər yaxın zamanlarda təsdiqlənməlidir. Siz o tərkibdə varsınızmı?

– Mənə elə gəlir ki, təsdiqlənib. Altı əsas, altı nəfər isə “rezerv”. Kim gedə bilməsə, “rezerv onu əvəz edəcək.

Vaqif bəy demək istədiyiniz və soruşmadığımız məsələ qaldı?

– Allaha qurban olum, məni şair kimi qorudu.

Nə mənada?

– Yəni qələmi əlimdən almır da. Nə burda alır, nə Strasburqda, nə təyyarədə.

Belə başa düşdüm ki, təyyarədə də yazmısınız?

– Yox, təyyarədə qeydlər etmişəm. Strasburqda, sadəcə, yeddi şeir yazmışam.

Vaqif Səmədoğlu ilə söhbətimiz bu qədər. Hə, bir də, şair bizə Strasburqda yazdığı şeirlərindən birini söyləyəcəyinə söz vermişdi. Vaqif bəy şeirini oxudu və ilk dəfə olaraq bu gəraylının qəzetimizdə çap olunmasına razılıq verdi. Amma sonda bir şərt də irəli sürdü: “Mənim qəlyanlı şəklimi verməyəsiniz ha.”

 

Səssiz-səmirsiz olmaq,

Bayquş uçuşu kimi

Yer üzündə ən sakit

Bir dəli huşu kimi...

 

Gündüz gün işığından,

Gecə ulduzlardan qaç,

Qəlbinin qapısını

Yalnız yorğunluğa aç.

 

Səni düşündürməsin

Sabah nə olacağı,

Kimlərin öləcəyi,

Kimlərin qalacağı...

 

Sev, sevil, ancaq çalış

Ahəstə çıxsın səsin

Bir də Vətən sevgini

Azərbaycan bilməsin...

 

                                                                    Söhbətləşdi: Esmira Namiqqızı

Tags