Haqqında yazılanlar
13 İyul 2023
10:32
 Biz tənha səyyahlarıq... - Mahir Mehdi yazır 

                         Biz tənha səyyahlarıq...

Eynəyini çıxarıb qarşısına qoyduğum ağ varağa nə isə yazdı və sonra varağı mənə uzadıb sağollaşdı. “Biz özgə vaxt görüşərik. İndi fikrim dağınıqdı” – dedi.

Tənhalıq aşiqi şair Vaqif Səmədoğlu bu sözləri yazmışdı varağa: “Şairə əzəldən həyat ucsuz-bucaqsız səhra kimi verilib. Biz tənha səyyahlarıq. Vay o şairə ki, bilə haraya gedir. Məqsəd bilinən və hətta görünən yerdə poeziya qurtarır.

Tənhalıq şairə verilmiş ən böyük səlahiyyətdir. Və bu tənhalığa Allah özü də müdaxilə etməməlidir...”

 

                                                             I

 

Dibi görünməyən susuz quyudur, ulduzsuz göy üzündə uçan ölüm mələyinin qara gözləri. Divara söykəli qoltuq ağaclarına qalıb ümid... Belə bir bəd gecədə, uğursuz gündə səni anıram, ustad, həbsxana divarları arasında yazılmış qəmli, titrək misralarınla. Misralarını söz-söz, kəlmə-kəlmə başımın altına qoyub yuxulamaq, ömürlük yuxulamaq istəyirəm, nəhs günlərin hələ nəfsi dəyməmiş mavi bir uzaqlıqda. Və başqa bir mavi uzaqlıqdan isə sənin bayquş bacıya yalvarışlarını eşitmək istəyirəm: “Qurban olum, ulayanda bərk ula. Səsə gedim dumanlıqdır, görmürəm...”

Duaların Allaha yetməyəcəyi, yuxuların çin olmayacağı, istəklərin həyata keçməyəcəyi bir gecə gəlir. Tərs kimi işıqlar sönüb, nömrən cavab vermir yenə...

 

                                                                           II

 

Günlərin bir günü külək də asılarmış dar ağacından, arzulara da azar düşərmiş, ümidləri də qala bilərmiş quduz it, milyon insan səhrasında da yalqızlıqdan donmaq olarmış, insan tənhalığından da səs çıxarmış, Vaqif Səmədoğlu!.. Sənin yazdıqların da dua kimi oxunarmış. İçindən əriyib gələn o ovsunlu şeirlərlə də üz tutub yalvarmaq olarmış Allaha...

 

                                                                                Mahir

Tags