Müsahibələr
05 İyun 2023
06:22
Tənhalıq şairin iş yeridir       

Tənhalıq şairin iş yeridir            

 

                           

Şübhəsiz, ötən bazar da payızın qaşqabaqlı, bəlkə də cındır ətəyində qar daşıyan günlərindən az fərqlənirdi. Sanki bir rəssam əsərindən oğurlanmış kimi günəş buludlarda tez-tez yaşmanırdı. Həmişə olduğu kimi, elə indi də vaxt heç nəyə baxmırdı.

Vaqif Səmədoğluyla redaksiyada, kabinetin pəncərəsi önündə söhbətimiz “iki adamın tənhalığı”nda deyəsən bir az maraqlı, bir az da qeyri-adi keçirdi.

– Üç gündür işığım yanmır. Televizor işləməyəndə adamın dünyadan xəbəri olmur.

Sonra əlavə etdi: - lampa işığında otururam... Yox, elə bilməyin... Neft lampasının iyi xoşuma gəlir.

Deyəsən, V.Səmədoğlu bir anlığa müharibə illərində neft lampalarının işığına sığınan Bakı gecələrinin xatirəsinə daldı. Bəlkə, ona görə də dedi: neft lampasının iyi mənə doğmadır. Uşaqlığımın qoxusudur.

Yəqin lampa işığında tənhalığın şair çöhrəsində əl izləri aydın görünür.

– Hamı tənhalığa məruzdur. Amma şair tənhalığı şairin iş yeridir. Qoy siyasətçilər, biznesmenlər tənhalıqdan qorxsunlar.

Maraqlıdır. Tənhalıqda qalan şair özüylə hansı mövzularda danışır. V.Səmədoğlu “iç evində”, başqa cür desək, “şair pəncərəsi” önündə hansı suallar qarşısındadır?”

– Mən özümlə dialoqa girmirəm. Heç monoloq da demirəm. Sadəcə, “cavabsız suallar” özümlə söhbətin mövzusudur: - Allah varmı? Mən kiməm?  Bir şeirimdə dediyim kimi “Bu dünyaya gələn gündən fikirləşdim, o dünya nədir?”

Bəlkə hər şey mütləqdir deyə, söhbəti dərinləşdirmək istədim.

– Mütləq həqiqət, mütləq yalan yoxdur. Elə rüşvətxorluqdan danışaq. Qrip kimi ölkəni bürüyüb. Mən rüşvətxorluğu ittiham edirəm. Bununla belə rüşvət alan elə adam tanıyıram ki, öz ailəsindən başqa on yetim də saxlayır. Keçmişə üz tutaq, tarixdə elə cəlladlar olub ki, bir qəpik də rüşvət almayıb, amma saysız-hesabsız baş kəsiblər.

L.Tolstoyda günahın birmənalı olmadığı çox güclüdür.

 

Bilirsiniz, Allahla ünsiyyətdə olmaq üçün mənə vasitəçi lazım deyil. Bütün dini sistemlər birtərəflidir, qadağa qoyur – “onu etmə, bunu et! Elə etmə, belə et!” və insanı çaşdırır. Qoy heç kim fikirləşməsin ki, işıq, nur allahdır; zülmət, qaranlıq isə şeytandır.

Tarixdə guya şərə, zülmətə qarşı çıxanlar inqilabçı olublar. Qan üstündən qan töküblər.

Ən dəhşətli faciə o vaxt başlanır ki, həqiqət yalanla yox, həqiqət həqiqətlə baş-başa gəlir. Təəssüf, yaşadığımız günlərdə belə faciələrin şahidi oluruq.

Nə isə...

Bəzən Allaha üz tuturlar: “Kömək et!” “Onu as, bunu kəs!” Diqqət yetirin. Tanrını diktator, polis yerinə qoyurlar...

... Yox, diktatorların işi başqadır. Onlar həmişə öz günahlarına hamını şərik etməyə cəhd göstərirlər.

Uzağa getməyək, 37-ci ildə Stalin bütün kütləni “Xalq düşmənləri”nə qarşı qaldırdı.

–V.Səmədoğlu mülahizələrində mübahisəyə əl yeri qoymur. Bəs “Bəxt üzüyü” filmində epizodik rolda çəkilən şairin sahə milisinə kəskin baxışını polis harınlığına nifrəti kimi başa düşmək olarmı?

– Yox, qətiyyən. – V.vəmədoğlu etiraz edir. – Filmdəki həmin epizodda Arif Quliyevə - yəni sahə milisinə o qədər ilıq “Sirab” içirtmişdim ki, gülmək məni tutmuşdu...

Mən polisə qarşı sərt mövqedə deyiləm. İsgəndər Həmidovla dost olmuşam. Polisdə işləyən qohumlarım var.

Əgər sirr deyilsə,  V.Səmədoğlu Azərbaycanın üç rəngli bayrağını kimə etibar edərdi.

– Müqəddəs bayrağımız ancaq şair, yazıçı əlində olmasın. Qoy o bayrağı siyasi xadimlər tutsunlar, ancaq demokrat olsunlar.

Yeri gəlmişkən, məndən olsa, deyərdim: - Ali Məhkəmə seçin. Ona yüksək maaş verin, gözü kiminsə əlinə dikilməsin. Qoy müqəddəs nəyimiz varsa, onun keşiyində dursun. Dövlət adamları ondan çəkinsin...

  • Qayıdaq “şair pəncərə”sinə. V.Səmədoğlu darıxanda öz tənhalığının şəklini çəkirmi?!
  • Əvvəllər dostlarım gələrdi. Oturardıq, söhbət edərdik. Düşəndə araq da içərdik. İndi ayaqlarını kəsiblər. Görünür, zaman dəyişib.

Üç tutuquşum var. Onlara vaxt sərf edirəm. Biri danışır, ikisi düşünür.

... Bəs danışan nə deyir?

– Deməli deyil, söyüş eləyir...

Köhnə ilin son gecəsi V.Səmədoğlu tənhalığından düşüb bir taksiyə minsəydi, hara sür deyərdi?

– Bayıla qədər – pulum çatan yerə qədər sürdürərdim...

Şairin pulu nəyə çatır ki...

– Şükür allaha, şikayətçi deyiləm...

– Bir bazar günü də belə ötdü. V.Səmədoğlu ilə bir həmkar kimi görüşdük, bir dost kimi ayrıldıq...

 

                                                            Söhbətləşdi: B.Heydərli

Tags