İsa Qəmbərə qəlyan çəkməyi mən öyrətmişəm”
Vaqif bəyin “ekran”a dəvət etmək üçün evlərinə zəng çaldım. Kefini soruşanda dedi: “Yavaş-yavaş bişirəm”. Bir qədər təəccüb etdim ki, yayın istisində niyə bağda dincəlmir. Yazıçılar Birliyində görüşməyi qərarlaşdırdıq. Ertəsi gün vəd etdiyi vaxtda gəlib çıxdı. Həmişəki kimi çantası çiynindən asılmış, sərbəst yerişi ilə.
– Vaqif bəy, dünən dediniz ki, istidən bişirsiz. Bəs niyə bağda dincəlmirsiz?
– Bağım yoxdu.
– Axı Yusif müəllimin bağı var.
– O Yusifin bağıdı da... Niyə onları narahat edim. Məni dəvət etsələr də, özümə rəva bilmirəm. Hər kəsin öz adəti, xarakteri var, nəsə pozula bilər.
– Qardaşınızla sizin xarakteriniz fərqlidir?
– Qətiyyən.
– Oxşar cəhətlər çoxdu, yoxsa fərqli?
– Oxşar cəhətlərimiz daha çoxdur. Fərqli cəhətlər də var. Mən çox istərdim ki, Yusifə oxşayım. Məişətimi sahmana salmaq bacarığı məndə yoxdu. Yusif məndən qat-qat artıq insanlara qarşı dözümlüdür, ünsiyyətcildir.
– Bununla belə, qəzetlərdə sizin müsahibələriniz daha çox olur.
– Mən nadir hallarda mediaya yox deyirəm. Yusif ümumiyyətlə, müsahibəni sevmir. Çox vaxt məndən xahiş edirlər ki, onunla danışım, yola gətirim, mümkün olmur. Amma yaşa dolduqca sifətdən bir-birimizə daha çox oxşayırıq. Hətta bizi səhv salırlar.
– Amma siyasi baxışlarınıza görə əks qütblərdə dayanırsız.
– Tamamilə əks deməzdim. Düzdür, müəyyən ayrılıqlar var. Ancaq taleyimizin əsas göstəricisi ədəbiyyatdır, sözdür. Burada biz eyni platformadayıq. Ədəbiyyat məsələsində fikirlərimiz, ideyalarımız yüzə-yüz üst-üstə düşür. Siyasət ondan bir pillə aşağıdır
– Siz eyni mühitdə böyümüsünüz. Bəs ayrılıqlara səbəb nədir?
– Xoşbəxtlikdən ədəbi zövqlərimiz ayrılmayıb. Mən sizə onlarla misal gətirə bilərəm ki, bir ailədə ata və oğul siyasi baxışlarına görə düşmən mövqeyində olublar. Hətta bir-birinə silah da qaldırıblar. Amma mövqe ayrılığı bizim mehribanlığımıza qətiyyən xələl gətirməyib.
– Yenə də səbəbini açmadınız.
– Bu əvvə
– Axı Vaqif Səmədoğlu gərək aradan çıxmasın...
– Mən aradan çıxmaq istəmirəm. Deyirəm, ən asanı bu olardı. Bilirsiz, insan özü-özünü formalaşdırır. Təsadüflərin çox böyük rolu var. Cavanlıqdan kimlə oturub-durursan, hansı mühitdə özünü tərbiyə edirsən. İndi ingilis alimləri genetik formanı təkrar edə biliblər. O da qoyunlar üzərində. İnsan üzərində mümkün deyil.
– Əgər atanız sağ olsaydı, hansınızın tərəfini saxlayardı?
– Bax, bunu tam məsuliyyətlə deyirəm ki, onu Allah bilər. Müstəqil fikirli olmağımız üçün ilk növbədə ona borcluyuq. Mən cavanlıqda piano çalardım. Özü də caz musiqisi. Vaqif Mustafazadə, Rafiq Babayev bizə gələrdilər, oturub çalardıq. Bilirdim ki, atamın cazdan zəhləsi gedir. Amma çalırdım.
– Yəni istədiyinizi edirdiniz.
– Görünür, qanacağım çatmırdı.
– Sizin təbiətinizdə sərbəstlik var. Elə bil özünüzə heç bir sədd qoymursunuz.
– Niyə ki? Mən də insanam, ictimai qaydalara riayət edirəm. Çalışıram ki, daxilən sərbəst olum.
– Deyirlər ki, cavanlıqda çox dalaşqan olmusuz. Atanızı güvənirdiniz, yoxsa təbiətinizdən irəli gəlirdi?
– Atama güvənməmişəm. Ancaq dalaşqan olmuşam. Fiziki cəhətdən möhkəm idim. Öz gücümə güvənirdim. Rəqs gecələrindən sonra dəstələr arasında dava düşərdi.
– Nə üstə dalaşırdınız?
– Qız üstə.
– Vaqif bəy, cavanlıqda çox içirdiniz?
– O da olurdu. Hazırda 18 pyes, 30 cild şeirlərim, yazılarım, hekayələrim... Çox içən bu qədər yaza bilməz. Elə adamlar var ki, məndən on dəfə artıq içiblər. Ancaq mən nə vaxt içmişəm, şuluğa düşmüşəm.
– Nədən yazmağı sevirsiz?
– İlk növbədə yazmağı sevmək lazımdı. Nədən yazmağı gün, məişət, mühit, ictimai qurum diktə edir. Mən o yazıçını, şairi başa düşmürəm ki, deyir, çörəyim yoxdu, yaza bilmirəm. Çörəyin yoxdu, çörəksizlikdən yazmalısan, evin yoxdu, evsizlikdən. Yıxılmısan ayağın sınıb, bundan yaz. Yazıçının qələmsiz yaşamağa haqqı yoxdur.
– Gecələr işləyirsiz?
– Yaradıcı adamlar iki tipə bölünürlər: bayquşlar və qaranquşlar. Gecə işləyənlər bayquşlardır, səhər işləyən qaranquş. Lev Tolstoy sübh tezdən işləyərdi, Balzak gecələr. Atam da belə olub. Bu da görünür, genetikdir. Yusif də belədir, mən də.
– Gecənin tənhalığını sevirsiz?
– Tənhalıq gecəyə-gündüzə bölünmür. O, həmişə var.
– Sizi “60-cılar”a aid edirlər. 60-cı illərin realizmi ilə sosializm realizminin fərqi nədədir?
– “Qobustan” jurnalının son sayında “Mənim 60-cı illərim” məqaləsini yazmışam. İndi qısaca izah edim. Bütün dünyada hər minillikdə renessans olduğu kimi hər yüzilliyin özünün intibahı var. XX əsrdə 60-cı illərdə yeni zövq, incəsənət, mədəniyyət, hətta yeni geyim yarandı. Buzlar əridi, ruslar buna “ottepel” deyirdilər. Yazıya görə həbs olunmaq qorxusu yox idi. Mənim üçün o dövr əsas mahiyyətilə Yeni Zövq yaranan bir zəmin kimi dəyərlidir. İndi çoxları atalarımızı tənqid edir. Xoşbəxtlikdən tale bizi o imtahanlara çəkmədi. Özümə sual verirəm ki, görəsən, biz o imtahandan necə çıxardıq? Ümumiyyətlə, çıxa bilərdikmi? Ədəbiyyat yaradanları məhv etmək olar, ancaq heç bir ölkədə ədəbi proses heç vaxt dayanmayıb.
– Heç sizdən danos yazan olub?
– Eşitmişəm. Mənə deyənlər olub. Ancaq faktım yoxdu. Bir nəfər mənə dedi ki, vəzifəmə görə səndən yazdım. Mən də oturub onunla yeyib-içdim, xərcini də özüm verdim. İndi də görüşürük.
– Sizi sevməyən dostlarınız var?
– Hər halda mənə deməyiblər. Əsas dost özündü. Birinci gərək özünə baxasan. Məgər mən idealam? Bilirəm ki, yox. Heç olmasa düşüncələrimdə, arzularımda bəzən çox murdar, iyrənc oluram. Ancaq özümü “kontrol” edə bilirəm. Bir kəsi dost bilirsənsə, gərək onu necə var elə də qəbul edəsən. Həyat antoqanizmdi. Xeyir də var, şər də. Mənim içimdə həm işıq var, həm zülmət.
– Hansı çoxdu?
– O artıq insanın iradəsindən asılıdır. Allah deyir mən vermişəm, özünü idarə elə.
– Deyirlər ki, siz yaxşı yaşamaq üçün çalışmırsız. Yəni özünüz istəmirsiz.
– (gülür). Elə istəyirəm ki... Çox istəyirəm ki, bağım olsun, ağac əkim. İmkanım olsa, kənddə yaşayaram. Ya Şüvəlanda, ya da Mərdəkanda. Bakıdan ora çatanda, elə bil vətənə gəlirəm. Nastolji hissim ölür. Uşaqlığım oradakı bağımızda keçib.
– İlk dəfə nə vaxt sevmisiz.
– 14 yaşımda. Məktəbdə oxuyurdum.
– Bəs sonralar?
– Sonralar da olub. Ancaq ilk və sonuncu sevgim əsasdı. Həyat yoldaşımı çox sevirəm.
– Fikir verirəm, bayaqdan neçə dəfə siqaret çəkmisiz.
– Elə də çox çəkmirəm. Evdə qəlyan çəkirəm. Bir dəfə İsa Qəmbər dedi ki, mənə qəlyan bağışlayıblar, çəkə bilmirəm. Tütün doldurub verdim. Qəlyan çəkməyi mən ona öyrətmişəm. İndi o siqareti atıb. Amma Müsavata gedəndə deyirlər, İsa bəydən öyrənib. Deyirəm, nə olsun, başqandı deyə məgər hər şeyi o, öyrətməlidir?
– İsa bəylə çoxdan tanışsız?
– Meydan hərəkatından. Müsavat partiyasının üzvüyəm.
– Sizcə, Əbülfəz Elçibəy güclü siyasətçidir, yoxsa İsa Qəmbər?
– Bugünkü tələbatla baxanda İsa bəy. Bəlkə də, yanılıram... Elçibəy artıq formalaşmış ölkənin prezidenti ola bilər. Onun kimi insanlar 20 ildən sonra Azərbaycana lazım olacaq.
– Şeirin sözlərini dəyişiblər. Əslində belə idi:
Yağışın əlindən
Qaçıb bir küncə
Dayandıq üzümüz
Qibləyə sarı.
Yenə tapılmadı payız
Gəlincə,
Bağlı ümidlərin
itmiş açarı”.
Qlavlit bu misralarla razılaşmamışdı. Kino tamamlanıb, hər şey hazır, başqa çıxış yolu yox idi. Mən Moskvada idim. Anar ərk eləyib mahnının sözlərini dəyişdi.
– Ümidlərinizin açıq vaxtı olmayıb?
Söhbətlişdi: Məlahət Rzayeva