Müsahibələr
05 İyun 2023
06:08
     Saraylardan baxanda cəhənnəmdə, çadırlardan baxanda cənnətdə olan Vaqif Səmədoğlu

         Vaqif Səmədoğlu saraylardan baxanda cəhənnəmdir, çadırlardan baxanda cənnətdə

 

          Onunla elə üzvü olduğu partiyanın qərargahında görüşdük. Özü belə istədi. Başı adaşının – Vaqif Hacıbəylinin hüquqlarının müdafiəsinə qarışmışdı. Ona görə də qaçaqaçda idi. Prezidentə müraciətinə cavab gəlmişdi. Dedi, cəmi 20 dəqiqə vaxtı var. Vaqif Hacıbəyli həbsdən qurtarmayınca rahat söhbət edə bilməyəcək. Tanrının qismətindən bu söhbətimizdən 7-8 saat sonra Vaqif bəy balalarının yanında olacaqdı...

Vaqif Səmədoğlu yaman qaraqabaqdı. Heç ömrünün 30 ilini kef-damaqda keçirən adama oxşamır. Elə bil dünyanın bütün dərdli insanlarının qəmi-kədəri onun gözlərinə çöküb. Dilini açmaq üçün birinci yaradıcılığından başladım. Şairlərin şeirlərini övladlarından çox istədiklərini bildiyim üçün.

Neynirsiniz, nə yazırsınız?

– Yaradıcılığım həmişə birinci yerdədir. İctimai quruluşlarlar asılı olmayaraq, yazıçı üçün yaradıcılığı həmişə öndə olmalıdır. Hər gün nəsə yazıram. Şeir olmasa da belə, adicə fikirlərimi gündəlik şəklində yazıram. Mənim şəxsi konstitusiyamın birinci maddəsi budur ki, qələmsiz fikirləşməyə belə haqqım yoxdur.

– Şəxsi konstitusiyanız birincidir, yoxsa ölkə konstitusiyası?

– Əlbəttə öz konstitusiyam. Amma dövlət konstitusiyasına da dərin hörmətim var. Çox istərdim ki, hamıda ölkə qanunlarına məsuliyyət mənimki kimi olsun. Konstitusiyanın hörmətdən düşməsinin səbəbi isə yuxarılardır.

Vaqif Səmədoğlu niyə müxalifətçi oldu? Bizdə qələm əhlinin müxalifliyi bir az qeyri-adi qarşılanır. Çünki ədəbiyyat adamlarımızın içində belələri çox azdır. Bizim sənət adamları daha çox iqtidarpərəst görünməyə çalışırlar. Amma bütün dünya ədəbiyyatında həmişə böyük söz adamları axına qarşı gediblər...

– Tamamilə doğru dedin onu. Yəni, ədəbiyyatın kökündə müxalifətçilik durur. Fəlsəfənin kökündə müxalifətçilik durur. Şairin, filosofun təbiətindən gələn müxalifətçilik hansısa konkret iqtidara qarşı deyil. Hətta deyərdim bu, Allahın, təbiətin özünə qarşıdır. Həmişə düşünürsən ki, niyə bu belədir axı? Özü də mən təkcə bu iqtidara qarşı müxalifətdə olmamışam. AXC Ağsaqqallar Şurasının üzvü və aktiv mitinqçi idim. Amma AXC hakimiyyətə gələndən bir az sonra mən təşkilatdan çıxdım. Halbuki onlar mənim dostlarım idilər. Kimin hakimiyyətdə olmasının dəxli yoxdur. İndi müxalifətdəyəm. Ona görə ki, inandığım insanların xalq üçün nə isə edə biləcəklərinə inanıram.

 

Sözünü qurtaranda sualı özü gözlərimdən oxudu. Mən ağzımı açmağa macal tapmamış dedi: “İndi soruşacaqsan ki, sənə lazım idimi bu müxalifətçilik?” Doğurdan da, onu soruşacaqdım.

Axı Vaqif Səmədoğlunun nəyinə lazımdı siyasətlə məşğul olmaq?

– Məsələ bundadır ki, mən heç vaxt siyasətlə məşğul olmamışam. Bütün həyatım boyu siyasət mənimlə məşğul olub. Mən siyasətə getməmişəm, siyasət mənə gəlib. Və çoxdan, hələ gənc yaşlarımda başa düşmüşəm ki, yer kürəsində siyasətdən gizlənməyə yer yoxdur. O adam ki, siyasətdən uzaq olduğunu deyir, deməli, ya dünyadan bixəbərdi, ya sonsuz dərəcədə romantikdi, ya da riyakardır.

Yaxşı, AXCP yenə müxalifətdə oldu. Nəyə görə AXCP-ni yox, Müsavatı seçdiniz?

– Məsələ ondadır ki, Müsavatdan başlamış YAP-a qədər bütün partiyaların rəhbərləri bu və ya digər şəkildə AXC-dən çıxıblar. Mənim AXC-nin təsis qurultayından sonra müəyyən simpatiyalarım, antipatiyalarım var idi. Müsavat Partiyası yarananda gördüm ki, əsas ümid bəslədiyim adamlar burada toplaşdılar. Mən də onlarla bir sırada olmağı özümə borc bildim.

Şair Vaqif Səmədoğlu, müsavatçı Vaqif Səmədoğlu və Səməd Vurğunun oğlu Vaqif. Hansı bu xalqa daha çox xeyir verə bilər?

– Yalnız və yalnız Vaqif Səmədoğlu. O həm şairdi, həm müsavatçıdı, həm də Səməd Vurğunun oğlu.

Bir az da onun dramlarından danışırıq. “Yaşıl eynəkli adam”dakı Kazım və “Bəxt üzüyü”ndəki Moşudan. Hamının dilində az qala hər sətri sitata, deyimə çevrilən dramlar hələ indiki nəsil böyüyəndə effektini verəcək. O əsərlərin efir, səhnə variantına tamaşa edəndən sonra aydın olur ki, Vaqif bəy on batman balla yeyilməyəcək sözləri bircə gülüşlə qana keçirib. Bəs onda niyə bu boyda hay-həşir salan dramlardan sonra şair Vaqif Səmədoğludan danişırlar. Niyə dramaturq yox, şair?

– Nə bilim, vallah. Görünür, dramaturgiyada mən tamaşaçını daha çox düşünürəm. Amma şeirlərimdə daha azadam. Orada kiminsə hansısa cümləni başa düşməməsindən qorxmuram. Amma dramaturgiyada yazdıqlarımın anlamlı olmasına və gülüş doğurmasına çalışıram.

Sonra onun dramlarının dövlət televiziyasının efirində neçə yer almasının hikmətini soruşuram. Deyir, “Yaşıl eynəkli adam”ın hər iki hissəsini həmin televiziyanın sifarişi ilə yazıb. Özü də həmin əsərin birinci adı “Əjdaha” olub. Nəsə yaman qorxublar o addan. Sonra da o televiziyadakıların hamısına xoflu yanaşmamağı məsləhət bilir. Dünya yaxşılardan xali deyil ki... Orada da yaxşı, saf adamlar qalıb hələ.

Yaman qanıqara görünür. İstəmirəm onu elə-belə candərdi danışdırım. Ona görə istəyirəm bu boz divarlı otaqda bir təbiəti xatırlasın.

Bütün əsərlərinizdən bir yaşıl xətt keçir. “Yaşıl eynəkli adam”

Özü sözümə qüvvət verir:

– Uzaq yaşıl ada

– Hə, niyə həmişə yaşıllıq axtarırsınız?

– Dünyada ən çox sevdiyim rəngdir. Çünki yaşıl təbiətin rəngidir. Hardasa 30-35 yaşından təbiətlə ayrılıq duymağa başladım. Sonsuz, ağrılı bir ayrılıq. Elə bil ki anamdan, vətəndən ayrılmışam. Bax, bu ayrılıq məndə getdikcə güclənir, güclənir, indi bir kritik həddə çatıb. Şəhər məni sonsuz dərəcədə sıxır. Təbiət qoynunda, bir bağ yerində yaşamaq istəyirəm.

Nə mane olur?

– Ancaq maddi durumum. Bağ almaq iqtidarında deyiləm. Vaxtında özümə gün ağlamamışam.

Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu yüksək vəzifələrdə də işləyə bilərdi, yaxşı pul-para sahibi də olardı. Niyə olmadı?

– İlk növbədə ona görə ki, Səməd Vurğun özü elə tərbiyə vermədi. İkinci bir tərəfdən isə hər kəsin öz taleyi var. Səməd Vurğun özünün şəxsi dram həddinə çatan taleyini yaşayıb, mən də öz taleyimi yaşayıram.

Deyirlər, Sizin vəzifədə olmaq, kürsü qazanmaq şanslarınız olub...

– Yox, deməzdim ki, mənə elə təkliflər olub. Heç bir vaxt olmayıb.

Dostlarınızın dediklərinə görə, cavanlıqda çox yeyib-içən bir adam olmusunuz...

– Çox...

Həm də davakar...

– Hə, davakarlıq da olub. Mən cavanlara məsləhət görürəm ki, o bohem həyatını tez qurtarsınlar. Mənim kimi həyat tərzi keçirən adamların artıq neçəsi yer üzündə yoxdur. Yəni mən həmişə bic tərpənmişəm. Bir gün məclisə gedəndə, bir ay evdən çıxmamışam, özümə cəza vermişəm. O həyatdan ayrılandan sonra ildə iki-üç kitab hazırlamışam. Yeyib-içməyim də olub, davakarlığım da. Həmin günlərimlə bağlı utandığım da. Taledir də yaşamışam.

– İndi dönüb geri baxanda belə həyat tərzi keçirməyinizdən razısınız?

– Qətiyyən yox. Mən bütöv həyatımdan narazıyam. Amma bunun maddi duruma dəxli yoxdur.

Dolanışığınız necədir?

– Onun formulunu mən tapmışam. Saraylardan baxanda cəhənnəmdəyəm, çadırlardan baxanda cənnətdə.

– Dediyiniz o bohem həyatına nə vaxt son qoymusunuz?

– Əlli yaşımdan sonra.

Şair məni əməli-başlı təəccübləndirdi. Bu sözündən sonra özü də mənə qoşulub güldü.

Gec deyil?

– Niyə gec olur? Hər yazıçıda o bir cür olur. Elə yazışılar var ki, bu həyat tərzindən kənarda qalırlar. Elələri də var ki, doğulandan ölənə qədər elə bu cür həyat keçirirlər. Yazıçı taleyidir bu.

Çox vaxt deyirlər ki, söz adamları həyatda özlərini təsdiq edə bilmədikləri üçün sözdən yapışırlar...

– Tamamilə doğru deyirlər. Bu, təkcə yazıçıya aid deyil. İnsan yüz əlli il yaşayıb, yüz əlli bir yaşında ölsə də, ömür yarımçıq qalır. Nə qədər planlar həyata keçirilə bilmir... Amma son nöqtəni ölümü ilə qoyan şair əsil sənətkardır.

Vaqif bəyin vaxtından artıq iki 20 dəqiqə oğurlamışdım. Deməli, onu bu qaçaqaçdan ayırıb, oturduğu kresloya bərkidə bilmişdim. Son sualımı “xalq yazıçısı” adı ilə bağlı verdim. Nəyinə lazım idi axı? Amma özü belə demir. Addı də, veriblər, o da sağ ol deyərək, qəbul edib...

Müsavat Partiyasından çıxırıq. Bir may gününün qoynundan çıxıb taksiyə otururuq... Başqa bir mənzilə çatmaq üçün...

 

                                                                      Söhbətləşdi Vüsalə Mahirqızı

Tags