Müsahibələr
11 May 2023
17:08
Vaqif Səmədoğlu ilə Hindistan "cəngəlliklərində" ciddi söhbət

Vaqif Səmədoğlu ilə “Hindistan cəngəlliklərində” çox ciddi söhbət

 

                                       

Şairi fevral ayında narahat eləmək günahdır. Ancaq bu günlərdə mən də belə bir günaha batdım. İstəyirdim Vaqif bəylə tamamilə ciddi hesab olunan mövzularda (deməli, siyasət, azadlıq və s.) qeyri-ciddi söhbət edəm. Necə deyərlər “lağlağı” edək. Alınmadı. Bunun bir səbəbi mənim söhbəti düzgün qurmamağında idisə, digər səbəbi bəlkə də, bu mövzuların, doğrudan da, tamamilə ciddi olmasında idi. Fevralda da az günah yoxdu. Nə isə. Vaqif Səmədoğlu ilə söhbətimizdə onun Moşu adlı tutuquşusu da iştirak edirdi. İştirak deyəndə hələ danışa bilmir. Amma Moşunun səs-küyünü Vaqif bəyin sözlərindən ayırd eləmək səylərim nəticəsində eşitmə duyğum xeyli inkişaf elədi. Və indi müsahibənin lent yazısına qulaq asarkən yadıma sala bilmirəm: biz harda söhbət eləmişik – Vaqif bəyin evində, yoxsa Hindistan cəngəlliklərində.

Gəlin belə danışaq: söhbətimiz nədən gedəcək, siz məndən soruşmayacaqsınız. Mən də deməyəcəm...

– Elə həmişə belə olub...

İndi isə təsəvvür eləyin ki, yaşıdıq. Təsəvvür elədiniz?

– Hə.

Yağış, yağır. Daldalanmağa bir yer yoxdur. Çətirli bir xanım keçir. Onun çətirinin altına sığınmaq üçün nə edərdiniz? Ona nə deyərdiniz?

– Elə anlarım çox olub. Xüsusilə də qürbətdə. Yağış, qar altda qalmışam, daldalanmağa yer axtarmışam. Yanımdan çətirli qadınlar da keçib. İnanın, tamamilə səmimi deyirəm – məndə qadının çətirinin altına girmək arzusu olmayıb. Ev, isti arzusu olub. Yəni bu özü simvol kimi mənə bir az, nə bilim, qəribə gəlir. Yox, heç zad deyə bilmərəm. Amma elə hallarım çox olub. Yəni o kimsəsizlik, yağış, qar, şaxta. Onlar da şeirə dönüb. Hər halda mənim çətirim həmişə şeir olub. (Moşu dəhşətli səs-küy salır – H.Z) Nədi, ay Moşu?

Yaxşı, bəs mən nə deyim ki, mənə yer versin?

– Vallah, mən bilmirəm. (Yəqin ki, mənim bu zəhlətökən suallarımdan sonra Vaqif bəy ümumiyyətlə çətirə nifrət edəcək – H.Z). Rus demişkən, “delo texniki”. Onda yəqin ki, həmin xanımın vücudu söz dedirdər də (Aha! Deməli, əsas məsələ vücudda imiş! – H.Z). İlham kimi. Bir şeir yazdırar. Amma şairə o qız çətirin altında yer verməsə, qovsa yaxşı olar. Çünki qız ona çətirin altında yer versə, o gün şair şeir yazmayacaq. Amma qovsa, dünya ədəbiyyatında bir şeir də var.

– Bəhanə olacaq da?

– Bəs nə! Vaqif Səmədoğlu deyir ki, “dünya bəhanəymiş şeir yazmağa”.

Belə bir ingilis yumoru var: “şimal qütbünün kəşfi sübut elədi ki, dünyanın başında heç kim oturmur”. Təsəvvür edək ki, şimal qütbü kəşf olunmayıb. Sizcə dünyanın başında kim oturur?

– Tək bu dünyanın yox, bizim dərk elədiyimiz və eləmədiyimiz bütün dünyaların başında yəqin ki, Allah dediyimiz oturur. Amma Allah özü nədir, mən hələ tam dərk eləməmişəm. Amma Allahlı adamam, Allaha inanıram.

Sizin çox gözəl yumorlu əsərləriniz var. Amma belə bir fikir də var ki, onsuz da dünyada hər şey yumordur. Təzədən yumor icad etməyə nə ehtiyac var...

– Onda elə belə də demək olar ki, onsuz da həyatda hər şey dramdır, dram yaratmağa nə ehtiyac var? Faciədir, faciə yaratmağa ehtiyac yoxdur. Hər insanın drama da, faciəyə də, yumora da ehtiyacı var. Bu ritorik sualdır: yumora ehtiyac varmı? Poeziya var da dünyada, buna ehtiyac varmı? Düzdümü?

Onda hansı ehtiyacdan yaranır bunlar?

– Nə ehtiyac?! Alovun nə olduğunu hamımız bilirik. Dünyaya gələn hər insan alovun, soyuğun, dünyanın, həyatın nə olduğunu özü dərk edir. Biz deyirik dünyanın yaşı filan qədərdir. Bunlar hamısı nəzəriyyədir. Amma faktiki hər yeni insanla dünya təzədən başlanır, həyat, ölüm təzədən başlanır.

...Nə bilim. Əslində, sizin sualın özündə də elə bir yumor var.

– Belə deyirlər ki, Allah dünyanı məzəli bir tamaşa kimi yaradıb.

– Onu çox yazıçılar deyib. Dante Aligeri də deyib. “İlahi komediya” var, bizdə də elə çıxıb. Rus dilində “Bojestvennaya komediya”. Amma bir italyan türkoloqu mənə izah etdi ki, əsərin adı nə rus, nə də türk dilinə düzgün tərcümə olunmayıb. “İlahi komediya” deyil. Dantedə belə çıxır ki, yəni “Allahın açdığı oyun”. Allahın adamların başına açdığı oyun, komediya. Bizdə də belə söz var, söhbət əsnasında deyirik: “bu nə oyundu çıxarırsan?”

Mən oyun kimi qəbul etmirəm. Oyun deyil bu. Yəni bunu kəmiyyət nöqteyi-nəzərindən sonsuzluq götürsək, müəyyən rəqəm kimi, Allah yaşı sonsuzluqdur. Düzdürmü? Yəni, əvvəli-axırı olmayan şeydi. Və o sonsuzluğun da sıfır tam yüzdə sonsuzluğu qədər dərk olunmamış bir qüvvənin nə yaratdığı məlum deyil...

Səhər-səhər (söhbətimiz saat 13.00 da başlayıb. Görünür şairin səhəri günortadır – H.Z.) fəlsəfi söhbətlərə getmək bir az çətindi. Amma, buyurun, nə sualınız var, verin.

– “Dövlət – mən özüməm!” Bu sözləri siz də deyə bilərsinizmi?

– Yox... Deyə bilmərəm. Necə yəni, dövlət mən özüməm?! Dövlət mənəm, ədəbiyyat mənəm, həqiqət mənəm... zəhləm gedir elə sözlərdən. Hamısı boş şeylərdir.

– Boş şeylərdir?

– Tamamilə boş şeylərdir.

– Ümumiyyətlə, dövlət anlayışına necə baxırsınız? Dövlət də boş şeydir?

– Əvvəllər mən dövlət anlayışına sırf romantik – vətənpərvər nöqteyi-nəzərindən baxırdım. Ancaq indi get-gedə mənimçün dövlətin daha böyük və əsas mənası – dövlət – ev mənası aydınlaşır. Yəni, bayaqkı sualdakı yağışlı gündə daldalanmaq yeri. Üçüncü dünya müharibəsi baş verməyəcəksə artıq yer üzündə darısqallıq başlayacaq. Yer kürəsinin yağışlı, çətin günü başlayacaq və harasa daldalanmaq, sığınmaq istəyi güclənəcək. Bax bu mənada mənə elə gəlir ki, darısqallıq yarana biləcəyini bizdən də qabaq erməni siyasətçiləri düşünüblər.

İnsana ev lazım olduğu kimi, millətə də ev lazımdır. Qapılı, pəncərəli, divarlı...

Fikir vermisiniz, son vaxtlar ev almaq, ev tikdirmək hissləri millətdə necə qabarıq hiss olunur?

– Sizin özünüzün dövlətə ehtiyacınız var?

– Var. Şair kimi də var. Ancaq bax mən dediyim dövlətə. Çünki şair kimi mən bilirəm ki, oxucum bu evdə, bu dövlətdədir. O, olmayacaqsa mən niyə yazıram? Poeziya təkcə özünüifadə vasitəsi deyil. Poeziya kapitaldırsa, bunu oxucuya qoyub gedirsən. Mənəvi faizin də ondan alırsan.

Onda belə deyək: yazanda həmin oxucunun zövqü və lap həmin oxucunun varlığı – sizi məhdudlaşdırırmı? Kobud desək, oxucunun polis funksiyası yaranmır ki?

– Polis şairə neyləyə bilər? Polis rejimi, diktatura şairə çap olunmağa mane ola bilər. Amma yüz Stalin, yüz Hitler yığışsa, mənə şeir yazmağa mane ola bilməz. Məni fərd kimi öldürə bilərlər.

Küçədə bir polisin göyərti satan qadını döydüyünü görsəniz necə, bu sizə şeir yazmağa mane olmur?

– Əksinə... 10-15 il əvvəl iki milisin bir nəfəri döydüyünü gördüm və əlimdən gələni elədim ki, o adamları işdən çıxartdılar. İndi də elə bir səhnə görsəm, əlbəttə, vətəndaş kimi maraqlanacam ki, o adamı nəyə görə döyürsünüz? Və o vaxtkı kimi müəyyən idarələrə gedəcəm və deyəcəm... Ancaq hər halda bu mənə müəyyən bir şeir yazdıracaq.

Polis rəisi olsaydınız üstünüzdə qandal gəzdirərdinizmi?

– Nə bilim... Yəqin ki, rəis vəzifəsinə çata bilməzdim. Elə serjantlıqdan qovardılar.

Bir dostumu bulvarda sevdiyi qızla gəzərkən polislər saxlayıb “ictimai asayişi pozduğuna görə” cərimələmişdilər. Sizcə, ictimai asayiş nədir?

– O bizim vaxtımızda da vardı. Məsələn, məni də dəfələrlə bulvarda tutublar. Qızla skamyada oturduğum yerdə milis deyib ki, ictimai asayişi pozursan. Özü də qəflətən hardan çıxıblar! And-aman eləyirdim ki, vallah, heç nə yoxdur, söhbət eləyirik. Deyirdilər, yox, qucaqlaşmışdınız, filan.

Elə şeyləri nahaq eləyirlər. Cavan oğlandı, qızdı, bulvarda gəzir, haqq eləyir, sənə nə?

Ü mumiyyətlə, ictimai asayişin nə olduğu barədə fikirləşməmisiniz? Belə çıxır ki, adam elə küçədə getdiyi, evində fikirləşdiyi zaman da ictimai asayişi pozmaqla məşğuldur. Çox absurd maddədir.

– Absurd maddədir! 50-ci illərdə şalvarın balağının 24 santimetr olmağına görə milis, komsomol “drujin”ləri adamı saxlayırdılar. Saxlayıb, aparırdılar ki, bu nə şalvardı geyinmisən. Caz musiqisi çalmağa görə adamları söyürdülər, tuturdular.

– Sizin özünüzün başınıza gəlməyib?

– Çox gəlib. Nə bilim... Amma, Zamin, sizin belə şeyləri problem etməyiniz mənə qəribə gəlir. Bu problem deyil, adi şeydir...

Bilirsiniz, mən bu müsahibəni qəzetimizin “nəhs səhifəsi” üçün götürürəm. Bəlkə də, ona görə belə bir söhbət alındı. Amma mən istəyirdim məzəli söhbət olsun.

– Həə... Onu əvvəldən deyəydin, yumoristik cavab verməyə çalışaydıq da.

İndi də gec deyil. Məsələn, sizin bu tutuquşu dil açsa, birinci hansı sözü deyər?

– Nə söz deyər, bilmirəm. Amma istəyərdim adımı desin. Bir-iki şeir də öyrədərdim. Öz adı da ki, Moşudu.

Birdən o da “xoşbəxtlik”lə başlayar ha!..

– Hə... Olsun, nə olar.

1999-cu ildə 60 yaşınız tamam olur. Sizə dövlət yubiley, orden, filan təklif eləsə?..

  • Heç kəsə demirlər, hamı özü gedir. Mən də, əlbəttə, gedən deyiləm.

 

                                                                        Söhbətləşdi: Zamin Hacı

 

Tags