Haqqında yazılanlar
17 Aprel 2023
17:14
Deyəsən, yaşamaq istəyirəm...

"Deyəsən yaşamaq istəyirəm" - VAQİF SƏMƏDOĞLU

 

 

Vaqif Səmədoğlu:

 

Doğuldum 1939-da,

1937-də tutuldum.

48-də nənəm öldü,

ömrümdə ilk dəfə

ölüyə ağladım.

Balıqlar saxladım

akvariumda.

Açıq qaldı pəncərəm

bir qış gecəsi.

Dondu balıqlar...

İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm...

 

O, Səməd Vurğun ocağında doğulmuşdu.

Bu ocağı qalayan atası - Xalq şairi Səməd Vurğun həyata 50 yaşında vida etmişdi. Amma klassik olaraq milli ədəbiyyatımızda özünə əbədi yer tutmağı bacardı. Səməd Vurğunun böyük övladı, böyük nasirimiz, məşhur "Qətl günü"nün müəllifi Yusif  Səmədoğlu 1998-ci ildə, ömrünün 63-cü ilində həyata gözlərini yumdu. O da ədəbiyyatımızda tanındı, sevildi, dərin izlər buraxaraq getdi.

Qara ölüm Vaqif Səmıdoğlunu ömrünün 75-ci ilində yaxaladı...

Amma Vaqif Səmıdoğlunun söz dünyası, şirin yumorla yoğrulmuş pyesləri, incə ruhu indi də hər kəsə xoş ovqat bəxş edir, şeirləri az qala hər kəsin dillər əzbəridir. 

 

 

Vaqif Səmədoğlu - Səməd Vurğun ocağından pərvazlanan ikinci fenomen... Bizim bənzərsiz Xalq Şairimiz. Günümüzün ovqatını, təzadlarını, görüb fərqinə varmadığımız, yanından biganə ötüb keçdiklərimizi  özünə xas bir üslubda teleekranlara daşımağı, teletamaşaların mövzusuna çevirməyi bacaran istedadlı dramaturqumuz.

 

Qısa arayış:

 

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdi. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru  vəzifələrində çalışmışdır.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. 

 

Yaradıcılığı:

 

Vaqif Səmədoğlu ilk şeirlərini hələ orta məktəbdə oxuyarkən yazmış, lakin heç kəsə, o cümlədən atasına belə göstərməmişdi. Bəlkə, atası onu danlayacaqdı, bəlkə, tərifləyəcək, həvəsləndirəcəkdi... 

 

O, ciddi şeir yaradıcılığına isə 1959-cu ildən - atasının vəfatından xeyli sonra başlamışdı. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilmişdi. İlk şeirlər kitabı "Yoldan teleqram" 1968-ci ildə işıq üzünə çıxmışdı.

Bu kitab ədəbi mühitə səs salmışdı. Onu tərifləyənlər də, Səməd Vurğun yolundan kənara çıxdığına görə qınayanlar da çox idi...

Sonra "Günün baxtı" (Bakı, "Gənclik", 1972) işıq üzü gördü. 

Bu kitaba "Günün baxtı" başlığı altında 12 şeiri, "Yollarda yazılmış şeirlərdən" 4-ü, "Uşaq sözlərindən doğulmuş şeirlər"dən 4-ü və 2 kiçik poeması - o cümlədən, Nazim Hikmətə həsr etdiyi "Divin nağılı" ,  "Atamın məktublarına cavab, "Səməd Vurğun haqqında yazılan  salınmışdı. 

 

Yanından keçənlər,

ayaq saxlayıb bir an

baxırlar sənə,

Səməd Vurğuna.

Mən də baxıram.

Baxıram

cavan ölmüş Məhbub nənəmin

Salahlıdan gedib

heykəl olmuş

qarayanız oğluna...

 

Onun 1963-cü ildə yazdığı "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm" misraları o vaxtlar Moskvada, Polşada çox populyar olub. Bu söz hətta Amerika zənci hərəkatında plakatlara yazılırdı. Onun şeirləri Latviyada yuxarı siniflər üçün latış dili dərsliklərinə salınmışdı.

 

Poeziya aləmində atdığı bu uğurlu addımlarından sonra Vaqif Səmədoğlu 1970-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilir. Bu artıq onun ədəbiyyatda özünütəsdiqi idi. Sərt ədəbi rəqabətin hökm sürdüyü bir mühitdə Vaqif bunu bacarmışdı.

 

"Günün baxtı"ndan sonra Vaqif Səmədoğlunun ilk böyük şeir kitabı "Mən burdayam, ilahi..." kitabı işıq üzü gördü. Kitab 1996-ci ildə cəmi 1500 tirajla çap olunmuşdu. Burada müəllifin 1963-1996-cı illər arasında yazdığı şeirləri toplanmışdı. 

"Mən burdayam, ilahi...".  Bu kitab ədəbi hadisə sayıldı, poeziyaya laqeyd bir münasibətin hökm sürdüyü bir zəmanədə sürətlə satılıb qurtardı və böyük əks-səda doğurdu.

Növbəti "Uzaq yaşıl ada" (1999) şeirlər toplusu da eyni xoş ədəbi tale yaşadı. 

 

 

Şeir aləminə bağlı olsa da, musiqidən də ayrılmadı Vaqif Səmədoğlu.  O zamanında həm də Azərbaycanda ən tanınmış və ən dərin caz mütəxəssislərindən biri sayılırdı. Bu musiqini çox sevdiyindən bir ara televiziyanın populyar "Caz həvəskarları klubu"nda fikirlərinni bölüşürdü...

 

Vaqif Səmədoğlu həm də  bir çox mahnı mətnlərinin müəllifidir. Bunların arasında "Uzaq yaşıl ada" populyar mahnı kimi nə zamandan bəridir radio və televiziyanın repertuarından düşmür. Bir sıra televiziya tamaşalarında xeyli mahnının mətni məhz Vaqif Səmədoğlu qələmindən süzülmüşdür.

 

Vaqif Səmədoğlu həm də 20-dək pyesin müəllifidir. Bu pyeslərdən bəziləri müxtəlif teatrlarda müvəffəqiyyətlə tamaşaya qoyulmuş, televiziya tamaşalarına çəkilmiş və xeyli vaxtdan bəridir repertuarlarda yer tutmuşdur. Bunlardan "Uca dağ başında", "Bəxt üzüyü", "Yaşıl eynəkli adam", "Yayda qartopu oyunu", "Lotereya", "İntihar", "Cənubda qış nağılı", "Mamoy kişinin yuxuları" və s. göstərmək olar.

Pyesləri Bakı, Naxçıvan, Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur.  

Onun  "Bəxt üzüyü" pyesi əsasında eyni adlı bədii film çəkilmişdir. 

 

 

Vaqif Səmədoğlu 1989-cu ildə  Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə isə, 1999-cu ildə ona "Xalq şairi" fəxri adı verilmişdir. O,  2000 və 2005-ci illərdə iki dəfə Azərbaycanın Milli Məclisinə deputat seçilmişdir. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Vaqif Səmədoğlu: "Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir…

 

O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.

 

Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var.

 

Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun..."

 

Məzarıma nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

 

Sizi sevənlər, tək olanda da, cüt olanda da Sizi xatırlayanlar, Sizi yadına salanlar, gözləri dolanlar təsəvvür etdiyinizdən də çox oldu, Vaqif Səmədoğlu!...

 

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Tags