Haqqında yazılanlar
17 Aprel 2023
17:11
Ömrün bəhanəsi - Cavanşir Yusifli yazır

Cavanşir YUSİFLİ

Vaqif Səmədoğlu: "...həyat ayrılıq imiş insanla ölüm arasında...",

YAXUD ÖMRÜN BƏHANƏSİ


 

Vaqif Səmədoğlu çağdaş poeziyada çox fərqli bir fiqurdur, bunu təkcə onun mövzularına, üslubuna, hadisə və ya əşyaya bədii mətndə yanaşma tərzinə görə demirik, bunlar onsuz da aydındır.

Ona görə deyirik ki, Vaqifin şeirə münasibəti digər şairlərdən çox-çox fərqlidir, onun hər bir mətnində şeirlə və öz ömrüylə bağlı nəsə var, ya birbaşa mətndə, ya da mətn altında. Birbaşa deyilənlər onun inadını əks etdirir: şair dünyanı misra-misra, şeir-şeir kəşf edir, yaxud bilinən dünyanı tanınmayan hala düşənəcən "korlayır".

Mətn altında qalanlar şeir yazmaqla bağlı şairin ömrünə hopan gizli bir kədərə işarə edir, biz bu işarələrin ardınca qoşuruq, amma deyilənləri orda tapmırıq, aldanıb çaşırıq. Bilmirik, bu gizli kədərin altında günahmı, yoxsa başqa bir şey yatır? Onun şeirlərində iki iş birdən, eyni zamanda icra olunur: kədəri elə yerindən vurub oyandırır ki, biz bunu məlhəm sayırıq və ürəyimizdə gəzdirdiyimiz yaranın üstünə salırıq, sarıyırıq, ancaq ikinci tərəfdən o yaranın qaysağını qoparır, yara qövr edir, insan yaşadığını hiss edir və bu hiss bütün ömrü boyu keçirdiyi hissdən milyon dəfələrlə güclü olur, demək, məqsəd yaddaşın, yaranın içindəki dərinliyə çatmaqdır. Xalis poeziya o dərinlikdədir. Ora qədər yoldur. Kim o dərinliyə çatıb? Heç kəs. Poeziya aləmində hələ bircə şair də, yaddaşımızda inildəyən yaranın ən qurtaracaq nöqtəsinə qədər gedə bilməyib, çünki o nöqtə yoxdur. Məqsəd isə olmayan bir şeyi tapmaqdır. Şeirdə ilğım bundan yaranır və hər şey diqqət ediləndə macəra effektinə köklənir.

Vaxtilə Turgenev Fetdən bəhs edəndə demişdi ki, "Fet haqqında mübahisə açılmaz, kim onu hiss etmirsə, demək, əsl poeziyanı tanımır". Bəzi tədqiqatçılar Feti belə bir absurd motivlə günahlandırırdılar ki, o, müasir problemlərdən yan keçir, onlara toxunmur və buna görə də onu talantsız şair hesab edirdilər. Ancaq böyük lirik sayılan Höte də yaşadığı dövrün problemlərinə toxunmurdu, onun üçün əsas olan təbiətin və insan qəlbinin adi baxışla tutulması mümkün olmayan incəliklərini üzə çıxarmaq, onlardan bəhs etməkdir. Buna görə poeziyada şairin qəlbi - könül dünyası ən birinci öyrənilməli sahədir. Ancaq bu sahəni öyrənmək üçün bizim əlimizdə hər hansı metod varmı? Biz əksər hallarda tamaşaçı qismində qalırıq. Poeziyada əsas məsələ budur - şairin qəlbi. O, aləmin seyrinə dalır, düşünür, bəzən içində çırpındığı zamandan sıyrılır, bir quşun səsinə qoşulub başqa əyyamlara səfər edir, orda hansısa ağacın başındakı quş yuvasına sığınır, o məmləkətdə kiminsə kədərinə sahib çıxır, ordakı qüssəyə bələnib geri qayıdır və sinəsinə çəkdiyi hissləri yaşadığı zamanın əsl keyfiyyəti kimi rəsm edir və həm də bütün zamanları susdurur. Hər şey bir-birinə çox qəribə şəkildə qarışdığından ilk baxışdan onun yazdığı mətnlər anlaşılmaya bilər, çünki şair - bütün dünyanı, heç kəsin güzarı düşməyən yerləri gəzib dolaşan ruhun əks etdirdiyi dünya sadə və ilk baxışdan oxunan bir şey deyildir, sən onu oxuduqca onun dili açılacaq, onun özünəməxsus dili yaranacaqdır, sən, müəyyən müddət keçdikdən sonra özün də onun dilinin bir elementi olacaqsan:

El də getdi, dil də getdi,
Bundan sonra açıl
Köhnə, qaysaq yara.
Açıl, açıl,
Qanın dönsün selə..
Çöl də soldu,
Gül də soldu,
Gözlər doldu,
Açıl yara,
İndən belə,
Bilə-bilə...

İndi bu məqamda mən onun ən məşhur şeirlərinin ən çox yadda qalan misralarını nümunə gətirə bilərdim. Ancaq fikrimcə, ordakı Vaqif Səmədoğlu bir az fərqlidir, mənim axtardığımsa başqa bir yerdədir, elə bir məkanda ki, ora bəlkə indiyə qədər heç kəsin güzarı düşməyib.

Hərdən adama elə gəlir ki, bu şeirlər uzaq keçmişdə qüssədən bağrı çatlamış bir insanın şüuraltısının bərpa edilmiş şəklidir (yəni, bu şeirləri diqqətlə oxuyanda, mətnin bir az da gizlinlərini araşdıranda, ora əbədilik hopan qüssənin mənbəyi kimi əlini hara gəlsə, ata bilərsən və peşman olmazsan, - bu dediyimiz yüzlərlə variantdan yalnız biridir-!). Onun bütün ömrü boyu susub dünyadan köçdüyü an danışmaq istədiyi, fəqət dilə gətirə bilmədiyi şeylər dirilərək bu mətnlərə çevrilmiş və şeiri qurub-yaradan detallar, obraz və metafora... bunların hamısı o qədər şərtiləşib ki, indicə mətni tərk edib gedəcəklər və biz qəfildən həmin adamın sükutunun səsini eşidəcəyik. Ancaq yuxarıda dediyimiz kimi, qüssə hansı əsrdən qopub gəlirsə gəlsin, o mütləq şairin qəlbində yuva qurduqdan, oranın həyatını sözün ciddi mənasında qarışdırdıqdan sonra poetik obraza çevrilir və bütün bunlar müəyyən müddətdən sonra şairin varlıq haqqında orijinal təsəvvürünün yaranmasında yardımçı olur.

Ömrümün
çarpaz düyünlənən bağlamasında
beş-on yaxşı günümün
ucu çıxacaq bəlkə.
Ümidlərimi buza qoyun,
Fəqir-füqəraya paylayın
Arzularımı...

Yuxarıdakı qəlbin keçmişə, uzaq əsrlərə səyahəti ilə bağlı uydurulmuş əhvalatı bilmədən və onun həqiqiliyinə inanmadan bu parçanı duymaq və izah etmək qeyri-mümkündür. Yəni, burdakı mətləb adi ədəbi kriteriyalar baxımından onsuz da dərk edilir, ancaq bu məsələnin çox cüzi hissəsidir, dərkdən o yana, şüurun, məntiqin o tayında nələrsə qalır və bizcə, əsas da bu şeylərdir.

Bu mənada diqqət edilərsə, Vaqifin mətnlərində iki şey əsasdır və daha çox vurğulanır; bunlardan birincisi həyat və insanla bağlıdır - onun şeirdəki bu yönə uyğun anlayışı mövcud təsəvvürləri çarpaz şəkildə kəsir, onlara uyğun gəlmir və əksər hallarda o ümumi təsəvvürləri bir kənara tullayır. Onun dənizlə bağlı şeirlərindəki ümumi təsəvvür buna nümunə ola bilər. Söhbət, şübhəsiz ki, dənizin necə təsvir edilməsindən, hansı obraz və detallarla təqdimindən getmir, bunu əlinə qələm alan hər bir kəs bacarır, söhbət onun insan həyatındakı yerindən, varlıq, dünya, gerçəkliklə bağlı bilmədiyimiz nəsnədən gedir. Ola bilsin ki, şairin dedikləri tam bir əfsanədir, ancaq bu xəyal elə sürəkliklə verilir, insanın həyatı və ölümü ilə elə əlaqələndirilir ki, sən ona həqiqətdən daha çox inanmalı olursan. Dənizin adicə forması, qurudan, torpaqdan ayılması şairdə yuxarıda göstərdiyimiz o dərinliyə daxil olmaq imkanı verir - biz, əslində onun xiffətini çəkirik, bizi yaşadan və öldürən əslində o həsrətdir: dəniz kənarında gəzib, dəniz həsrətiylə ölmək.... Bunu bilmədiyimə və tez-tez yaddan çıxardığımıza görə, şeiri sadəcə mətn kimi oxuyuruq, halbuki, bu tipli şeirlər daha çox insan həyatının elə o dəniz kimi qurudan, çox sevdiyi bir şeydən ayrılmış hissəsidir, yaddaş onu ən dərin, səs, ün çatmayan yerində gizlədir, sən bu şeirə haçansa yaddaşında qövr edən quş səsiylə baxanda hər şey dəyişir, sən də o hisslərə qoşulub qüssənin çeşməsinin çağladığı ərazilərə gedə bilirsən.

... Mənə tütək səsi dəydi uzaqdan,
Mənimlə həyatın işi yox imiş,
Ölümdən savayı arxam yox imiş...

Yuxarıda vurğuladığımız ikinci əsas istiqamət isə şairin bütün yollardan ayrılıb əsl şeirin olduğu məkanı tapmaq, orda olmaq istəyidir. Onun az qala bütün şeirlərində "ömür bəhanədir şeir yazmağa", o yeri tapmaq üçün hərdən rastına çıxanları usanmadan sınayır, şeir onun üçün hər şeyi əvəz edir və hər şeydir, Vaqifin bütün qəlbi bu nöqtədə çarpır, bu nöqtəni bilmədən onun həm həyatında, həm də yaradıcılığında istədiyin qədər qüsur tapa bilərsən, necə ki, müasirləri Fetdə tapırdılar. Onun obrazının əsas xassəsi nədirsə, əsl şeirə gedən yol ilğımdır, ancaq burda rasional düşüncəyə yer yoxdur, əsas olan büdrəmək və yıxılmaqdır, iztirab çəkib, dünyanın qabığından qurtulub mahiyyətə çatmaqdır, ancaq nə eləsən də, həmişə "yəhərlənməmiş dünyanın belindən yıxılırsan..."

Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...


Vaqifin şeirləri bir metafora üstündə qurulur və sonda hər şey yaddan çıxır, mətnin əvvəlində danışan adam, bu mətn nə qədər kiçik olsa belə, sonda yaddaşını "itirir", həmin sabit metafora pozulur, başqa bir şeyə çevrilir, qeyri-adi şeylərdən, obraz və detallardan çox adi bir sözə, bəzən də sözün itməsinə, yox olmasına keçid edilir. Onun uşaq sözlərinə yazdığı şeirləri var. Bizim axtardığımız və əlimizdən çıxan Vaqif zənnimizcə, ordadır.

Məsələn:

- Mən bir gün qəşəng olmuşdum!
                            Balaca Humay
Mən bir gün üfüq olmuşdum,
Duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum,
Gedib-gələn olmadı,
Ot basdı üstümü..
Görünmədim.
Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim...
Görünmədim...

Bu şeir onun mətnlərində yeni mənaların necə doğmasını anlamaq baxımından maraqlıdır. Bu şeir həm çox sadə, həm də sirdən aşıb-daşan bir şeirdir. Ancaq bir şeyi qabaqcadan deyək ki, bu mətndəki mətləbi çözmək istədikdə "dil qabar, söz qaxac olur", yəni izaha, təhlilə yatmır, sadəcə sənə nəyisə görsədir və anidən onun üstünü örtür, zənnimizcə, Vaqifin poeziyasında əşyalarla bu şəkildə davranma sövq-təbii baş verir, bu, hardasa onun sözü mətndə yox etmək stixiyasından irəli gəlir. Şeirdə adi dillə izah ediləsi nə varsa son qırıntısına qədər yox olur, onun, yaxud onların yerini elə bir materiya, elə bir mətləb tutur ki, bu bizim gözümüzdə dünyanı başqa üzündən oxumağa imkan yaradır. Həm də, şairin əşya və hadisələrə şeir üçün çox xarakterik olan kor bucaq altından baxması bir çox mənaların sıxışdırılıb aradan qalxmasına, yeni mənaların yaranmasına, həm də dünyanın içində bizə tanış olan obrazların açılım, tanınma istiqamətinin dəyişməsinə səbəb olur. Məsələn, onun, aşağıdakı şeirində bunun şahidi oluruq:

Sənə, təkcə sənə,
Allah qədər tənha günlərin
İnsan həsrəti...
Gecə sənə,
Gündüz sənə,
Günəşinə də yağış yağan
Bu aləmin nəmişliyi
Sənə, təkcə sənə....
Həyat ayrılıq imiş
İnsanla ölüm arasında
Sənə, ancaq sənə verilibmiş
Ömür başdan-başa...


Poeziyada bizim sonuna çıxa bilmədiyimiz elə qatlar, elə sirlər var ki, onların gücünə bu misralardan hər hansı birini "tutub" gücümüz yetən qədər uzaq əsərlərə, o zaman həyatın içinə gömülən insan hisslərinin dərinliyinə enə bilərik. Bir anlığa müxtəlif əsrlərdə hakim janrları unudaq, belə bir şeyi əsas götürək ki, mətnə hələ insan hissləriniun hopdurulmadığı çağda bizim Vaqif kimi bir şairin ağlına gələn bir detal insanı necə yol aldığı dərinliyə çəkib aparırdı. Bəzi misraların, onların qurulduğu detalların içində elə bir qəribə enerji var ki, səni öz dərinliyində batırmaq, qərq etmək istəyir, səni gerçəklikdən ayırır, yaxud səninlə gerçəklik arasında şəffaf bir sədd yaradır, sən o şəffaf pərdəyə baxıb həyatı, dünyanı sonundan oxuduğun kitab kimi varaqlayırsan. Bunun bir mənası varmı? Şübhəsiz ki var. Ancaq... O uzaq əsrlərdən bu günə adladıqda baş verən sonsuz dəyişikliklərin bir nöqtə içindəki tarixçəsi yenidən "gerçəkləşir", o uzaq əsrlərin nağıl, əfsanə kodu açılır, o zaman adi sözlər biçimində deyilən mətləblər indi Vaqifin lisanında gözlənilməz metaforalara dönür: həyat ayrılıq imiş /insanla ölüm arasında...
 
Olsun ki, hansısa əsrdə indi bizə qeyri-adi görünən, hardasa təsəvvürlərimizi çaşdıran bu mətləb bir söz və ya misranın alt qatı ilə ifadə edilirmiş, yaxud:

Nəyimsə yox olub,
Nəyimsə itib,
Hardasa qırılıb
Nəyinsə simi.
Ömrüm ancaq külək
əsəndə dinir,
quşlardan xəbərsiz
bir meşə kimi...
nədənsə gizlənib,
nədənsə qaçıb,
bu ömrün günləri,
sevinci, qəmi,
hardasa tək qalıb,
olub gərəksiz
Allahsız dünyada
Peyğəmbər kimi...

Tags