Vaqif Səmədoğlu
***
İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.
Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir gecə də...
Çünki mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
***
Suyu qaçmış hovuza
Bənzəyir dəniz indi,
Solğun yerlərdə qalır
Saldığın hər iz indi,
Toy günü yarı ölmüş
Gəlinlərə bənzəyir
Ağ paltarlı buludlar....
Sən gələndə
Çiçəklər açılardı,
Sən gələndə
Daşlar da gül açardı,
Sən gələndə
kədər məndən qaçardı...
Gündüzlərin səması
Nədənsə indi bumbuz,
Gecələr başım üstə
Nə ay yanır , nə ulduz,
Nədənsə bu xoş baharda
Sarı yarpaqlar açır
Söykəndiyim ağaclar...
Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək...
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
GÖZLƏ GƏLƏCƏYƏM..
Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm...
Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm...
Məni hardasa yuxudan,
Oyadıb, şer oxudan
Bir cəlladın gözlərinə,
Baxıb ilk dəfə qorxudan,
Gözlə, gülüb gələcəyəm..
Gözlə bu gün sabah məni,
Yolda qoymaz Allah məni,
Əcəl ondan tez tərpənsə,
Yıxsa bir yad günah məni,
Gözlə, ölüb gələcəyəm...
Sabah kiminsə gözündə nifrət,
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palaz üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.