Haqqında yazılanlar
13 İyul 2023
10:29
     Babanın sevgilisi əzrayıl imiş

                      Babanın sevgilisi əzrayıl imiş

 

                                                 “Generalın son əmri” o gələndən sonra səsləndi

                                                        

 

Dövlət Gənclər Teatrı mövsümün sonunda daha bir tamaşanın premyerasını təqdim etdi. Premyera Aktyor Evinin dəbdəbəsiz tamaşa zalını dəfələrlə - bəlkə də hər dəqiqənin başında çılğın qəhqəhələrlə, hərarətli alqışlarla doldurub boşaltdı. Bəs necə? Axı əsərin müəllifi Azərbaycan teatrına “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam”, Yayda qartopu oyunu” və s. əsərlər bəxş etmiş şair Vaqif Səmədoğlu idi. Bu dəfəki əsərin – Generalın son əmri”nin janrı isə tragikomik misteriya (dini teatr janrı) adlandırılmışdı.

Əsərin qəhrəmanı general baba dəbdəbəli malikanəsini, var-dövlətini nəvələrinə vəsiyyət etmişdi. Amma hələ ki, özü sağdı. Hələ ki, nəvələr yoxsulluğun cəngindən qurtulmayıblar, hər dəqiqə, hər an babanın ölümünü arzulayır, ölümün tezləşməsi üçün dualar oxuyur, hətta “ölüm tostu” deyirdilər. Qız nəvə anasının ona cehizlik aldığı çilçırağı babadan ala bilmədiyindən lap dəli-divanə olmuşdu...

General baba isə möhkəm dayanmışdı. Onu nə nəvələrinin, nə vaxtilə güllələdiyi əsgərlərinin, nə sürgünə göndərdiyi günahsız insanların qarğışı tuturdu. İstənilən ittihama əsaslı dəlil-sübutla cavab verməyə hazır idi. Onun öz qayda-qanunları vardı. Səhərlər əsgərin çaldığı şeypurun səsinə oyanırdı, darda qalanda Stalinə zəng vurub kömək istəyirdi (Stalin 1953-cü ildə öldüyünü xatırladıb 1998-ci ildə ona kömək edə bilməyəcəyini söyləsə də), nəvələrinin hərəsinə dolanışıq üçün ayda 50 dollar verirdi, “Krasnı Moskva”nı dünyanın ən gözəl ətri sayırdı... Müharibə vaxtı (41-45-dən söhbət gedir) bir dəfə yaralı olanda, bir dəfə isə infarkt keçirəndə qarşılaşdığı, ancaq vəzifəsini buraxıb arxasınca gedə bilmədiyi sevgilisini gözləmək onun həyatının mənasına çevrilmişdi.

Nəvələrsə geniş, yaraşıqlı otaqlara, çilçıraqlı (yəni işıqlı) günlərə qovuşmaq üçün babaya sui-qəsd hazırlamaqdan da çəkinmirdilər. Onların mübarizəsinə hətta kənar qüvvələr də (təbii, öz umacağıyla) qoşulurdu. Bundan bir şey çıxmayanda isə (babaya batmaq asan məsələ deyil) nəvələrə sadəcə general babanın ölümünü gözləmək qalırdı. General baba isə sevgilisini gözləyirdi.

 

Elə bil nəvələri kimsə qarğımışdı. Ömür ötüb keçirdi. Ağ günlər isə babanın ölümünün o biri tayında qalmışdı. Nəvələrin ölümü gözləməkdən səbri tükəmişdi, sevgilisini gözləyən babanın səbrisə elə bil günü-gündən artırdı... Təkcə səbri yox əzəməti, mətanəti də artırdı.

Və nəhayət... Məlum oldu ki, nəvələr də, baba da elə eyni şeyin intizarında imişlər...

General babanın sevgilisi gəldi. “Krasnı Moskva” ətriylə, şirin-şəkər diliylə onu bihuş edib özüylə apardı...

Generalın son əmri nəvələrinin bir-biriylə mehriban dolanması oldu. Heyf ki, nəvələr bu əmri yerinə yetirmədilər. İllərdən bəri uğrunda mübarizə apardıqları ideala xəyanət etdilər. Babadan qalma vərəsəni bölə bilmədilər. Biri hər şeyə, biri heç nəyə sahib oldu...

Tamaşaçı gülürdü. Lap “Bəxt üzüyü”ndəki kimi. Hər kəlmə, hər deyim gülüş tufanı qoparırdı. Bu gülməli mətləbləri qələm kağıza yükləyən Vaqif Səmədoğlunun rejissor general rolunu aparan Hüseynağa Atakişiyevin, notları tamaşanın ritminə uyğun nizamlayan bəstəkar Mobil Babayevin, tamaşanın ağırlığını çiynində daşıyan bütün qalan adamların ən böyük zəhmət haqqı tamaşaçı gülüşü, tamaşaçı alqışı idi...

Amma gülüşdən o yana daha ciddi mətləblər dayanmışdı. Bu mətləblərin haq-hesabını tarixdən başqa kimsə ödəyə bilməz.

 

                                                                        Arzu Soltan

Tags