Haqqında yazılanlar
12 İyul 2023
10:48
Bu şeirlər müasir dövrün həssas adamlarına bənzəyir

 

                                     Bu şeirlər müasir dövrün həssas adamına bənzəyir

 

                                                 

 

Əsl ədəbiyyatın ölüm hökmü yazılmır. Tiranların hökmranlıq etdiyi dövrlərdə avtoritar rejimlərin yalnız olsa-olsa bu əsərləri müvəqqəti həbs etməyə gücləri çatır.

 

Özümü öldürmək istəmişəm,

iki dəfə,

amma

öldürməmişəm min dəfə...

 

Bu misraların müəllifi Vaqif Səmədoğlunun keçən il işıq üzü görən “Mən burdayam, İlahi!” kitabı isə şairin poeziyasının vurğunu olanlara əsl hədiyyə oldu. Bu yaxınlarda EA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində müəllifin iştirakı ilə kitabın müzakirəsi oldu. Görüşdə edilən çıxışlardan bəzi məqamları diqqətinizə çatdırırıq.

Şamil Salmanov: – Vaqif Səmədoğlu yaradıcılığı geniş mənada desək, milli poetik təfəkkürümüzün əsas meyllərini özündə əks etdirməklə yanaşı onun yaxın gələcəkdə hansı yollarla gedəcəyini də proqnozlaşdırmağa imkan verir... Vaqifin kitabı “altımışıncılar” poeziyasının hadisəsi kimi də maraqlıdır. Biz hələ bu ədəbi fenomeni bütün dərinliyi və çoxcəhətliyi ilə dərk edə bilməmişik. Müasir tənqidimiz məncə, “altmışıncılar nəslinə və ədəbiyyatına” yenidən qayıtmalıdı.

Zaman Əsgərli: – Həqiqi poeziya ağrıdan yaranır. Mən burdayam, İlahi” kitabı ağrı ilə yazılmış əsərdir. Çox yığcam olmasına baxmayaraq, hər şeir ilk oxunuşundan sonra hökmən fəsilə tələb edir: rəmzləri görmək üçün V.Səmədoğlunun şeirlərində güclü novatorluq olsa da, klassik ənənədən kənar deyil. Xüsusilə, kədərdən yazarkən Vaqifin misralarında Füzuli ruhu duyulur:

 

Əlimi uzatdım

sevincə sarı,

Gördüm yox,

arada kədər dayanıb.

 

Tahirə Məmmədova: – V.Səmədoğlunun şeirləri müasir dövrün həssas adamına bənzəyir. Ondakı narahatlıq, gücsüzlük və tənhalıq şeirlər üçün də xarakterikdir. Allaha üz tutmaq milli poeziyamızın ənənviliyini yaradan əsas xətlərdən biridir... Bu ənənə V.Səmədoğlu poeziyasında davam etdirilir. Onun lirik qəhrəmanının Tanrıya can atmaqdakı çıxılmazlığı Qərbin modernist çıxılmazlığına da bənzəyir. Şair yazır:

 

Mən ölən gün

bir külək əsəcək küçələrdə

Və yellədəcək

ipdən asılı quruyan

sarı çiçəkli bir uşaq paltarını

Matəm bayrağı tək dalğalanacaq

uşaq paltarı

mən ölən gün.

 

Rasim Mirzə: – Birincisi, bu kitab milli ədəbiyyatımızın həqiqi təəssübünü çəkənlərə böyük bir təskinlik gətirdi. ...V.Səmədoğlunun müzakirə etdiyimiz kitabında 60-cı illərdən bu yana yazdığı lakin çap etdirmədiyi şeirlərini gördükdə, nəhayət, nə qədər toxdaqlıq və məmnunluq duyduğumuzu təsəvvür etmək mümkündür. V.Səımədoğlunun bu kitabının ikinci məziyyətini onda görürəm ki, o bir şair olaraq bütövlükdə bizim poeziya haqqında təsəvvürləri genişləndirmişdir. Azərbaycan xalqının şeiriyyət haqqındakı təsəvvürlərində şeir, bir tərəfdən yüksək fikirlərin ifadəsi, digər tərəfdən, oynaq, ritmik bir səslənmədir. Vaqif bəyin şeirlərində bunlardan demək olar ki, imtina edilib. Əvəzində dahiyanə bir poeziya, dünyaya və insana bənzərsiz poetik bir baxış, nadir bir poetik duyum var.

Vaqifin poeziyası tanıdığımız Azərbaycan şeirindən tamam fərqlənməklə bərabər “poetik olanla” poetik olmayan” nəsnələr arasındakı görünməyən sərhədləri aradan götürməyə can atması ilə yadda qalır. Ənənəvi düşüncədə poetik alım dünyası real gerçəkliyimizdən fərqli, onun fövqündəki nəsə başqa bir dünyadır...

 

                                                                        Qələmə aldı6 Sevda

Tags