Yolun haradı qağa?
İnsan hər şeydən öncə özünü, taleyini, dünyaduyumunu yazır, ifadə edir. Özünü Tanrı əlaməti, “hər ləhzə yoxdan var olan” sözüylə demək qabiliyyəti, istedadısa hər kimsədə olmur. Zamandan və məkandan qurtulmaq üçün insanın yeganə silahı söz ruhun təzahür formasıdı. Ona görə söz sahibləri “seçilmişlər” olur.
Vaqif Səmədoğlu böyük ədəbiyyatın yaradıcıları kimi, 37 ildir ki, özünü yazır, yaxud özünü yazmağa cəhd edir. Özünüifadəylə özünütəsdiqə nail olubmu? Zaman göstərəcək...
Onun haqqında çox, lap çox yazmaq olar. Vaqif tədqiqata layiqdir. Bizsə, bu kiçikcə qeydlərimizdə onu anlamağa çalışacağıq. Ona görə Vaqifin taleyinə, həyatına baxaq. Bu taleyin, şairin gəldiyi yolun bələdçisisə qoy özü yox, sözü olsun!
1956-cı il Azərbaycanın öz (!) böyük şairini itirdiyi sənəydi. Onu itirməmək üçün heç bir cəhd də mümkün deyildi: “Canı canan diləmişdi”.
Vaqifsə ikiqat itkidəydi: həm şair itirirdi, həm də ata! Çox tez idi – hələ həyat yolu müəyyənləşməmişdi, hələ özünüdərk üçün məqam yetişməmişdi, hələ qabaqda sxemləşdirməyə ehtiyac olmayan, yeniyetmə üçün əbədi görünən ömür dayanırdı, hələ böyük şairin bu kiçik övladı cəmi 17 yaşındaydı (Doğuldum 1939-da”).
Vaqif ilk dəfə 17 yaşında ölümün amansızlığını gördü və ölümü duydu – canıyla, qanıyla, vücuduyla hiss etdi. Çox sonralar Vaqif yazacaqdı ki:
Belindən gəlsəm də
girə bilmirəm,
Ata heykəlindən
gələn kölgəyə...
Amma onda Vaqifə ata lazım idi. Ölümü sinirmək, ona öyrəşmək istədi, alınmadı. Nə yaxşı! Çünki Tanrı bu “şair olası” musiqiçiyə dərdi alışmaq, vərdiş etmək üçün yox, çəkmək, daşımaq və ifadə etmək üçün vermişdi.
Bu isə Vaqifə asan başa gəlmədi. Düz 7 il ölüm onu düşündürdü, iztirab verdi. Çünki ölüm onun üçün tək Həqiqət deyil, həm də arxa, dayaq idi, kömək idi... və Ata idi: Az sonra Vaaqif bunu da etiraf edəcəkdi:
Atamı səslədim
köməyə gəlsin.
Gördüm yox,
arada qəbir dayanıb
Ölüm öz tələskənliyiylə əbədiliyini Vaqifə çox tez anlatdı. Piano unudulurdu. Çünki Vaqif özü pianonun simləri kimi ölüm səsində, ölüm tonunda gərilib sözə köklənirdi.
Həyatın ölümə qədərki mərhələsi haqda çox yazılıb. Ölümdən sonrakı qaranlıqların inkasına da klassik panteist poeziyamızda rast gəlmək olur. Amma məhz ölümün özünüədəbiyyatımızda Vaqif qədər yaşayan olmayıb.
Vaqif düz 37 ildi ki, ölümünü yaşayır. Amma heç də sevə-sevə yox. Bəlkə də Vaqif qədər ölümdən, onun dəhşətindən qorxan və bu qorxunu ifadə etməyi bacaran kimsəmiz yoxdu.
Ölüm köksümü döyür,
Qorxuram açar məni...
İnsan həyatına nizamlayıcı olan ölüm qorxusu Vaqif üçün 56-da açılmışdı: təhtəşüur bu qorxunu süzmədən şüura ötürürdü. Yazar üçünsə bu ən başlıca amildi.
Vaqif ölümdən o yana keçə bilmədi. Heç ona cəhd də etmədi. Çünki ölüm ona vaxtı da, zamanı da unutdururdu.
Vaxtdan yaxa qurtarmışam
Bilmirəm saat neçədi
Ay yarımçıq, ulduzlar yox
Yaman ölməli gecədi.
Vaqifsə həmişə yaşamaq istəyib, nəğmə kimi, şeir kimi...
Deyəsən, yaşamaq
istəyirəm.
Bunu da çox tez anladı. Və ölümü vəsf edə-edə, yaza-yaza, yaşaya-yaşaya ondan qaçmağa başladı. Ölümdən qaçmağınsa bir yolu vardı – Vaqif Tanrıya pənah apardı.
Üz tutdu Allaha, yalvardı, yaxardı, şeir dedi dua əvəzi. Tanrı öz sevdiyi bəndəsinin iztirablarını görürdü. Və Vaqif də hiss edirdi bunu. Bu hiss Allahı sevməklə nəticələndi. Tanrı öz istədiyini Vaqifdən almaq, verdiyi sevgini geri istəyirdi. Vaqifsə Allahı da qısqanırdı:
Kimin var, Ulu Tanrı
məndən savayı...
,
Deməzdim ki, Vaqif Allaha münasibətdə klassik şərq təfəkkürünə söykənib. Bəlkə də onun özünəməxsusluğu da bundadı: Vaqif genimizdə, qanımızda olan Tanrıya qarşı sevgi, məhəbbət, qorxu, onun üçün yaşamaq, Allahın bəndəsini məhz özünü faş etməkdən ötrü yaratdığına dair “kitab”dangəlmə və digər istər sufipanteist, istər mühafizəkarsünni, istər fiqh elminin öyrətdiyi və s. formalaşmış stereotipləri dağıtdı. Hər halda müəyyən yad təsirləri də etiraf edə bilərik. Amma sələflərimizin “Dəhan”, “Canan”, “Gözəl” və ilaxır bənzətmələrlə gizlətdiyi və bizim Tanrı axtarışında daim üz tutduğumuz klassik poeziyamızdan fərqli Allahın ölümdə axtarılmasını yalnız Vaqifdə görüb oxuduq:
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm yox
Arada ömür dayanıb...
Vaqif həmişə tək olub. Onun ətrafı da Səmədin sonbeşik oğluna tənhalıq yaradanda dosta, yaxına çevriliblər. Vaqif ölümdən qaçdığı kimi, tənhalıqdan da qaçıb. Amma özündən qaçmaq mümkün olmadığı kimi, Vaqif də həyatı boyu nə qədər çırpınsa da nə ölümdən, nə də tənhalıqdan qurtula bilib:
Ölüm bir gün də tək qoymur məni...
“Çünki damarlarından qan yox, tər axan” şairin ömrü “qorxuyla yüklənib”.
Vaqifi təklikdən qurtaran ölüm olduğu kimi, ölümünü ona yaşadan da təkliyi, tənhalığıdı.
Şair ölümü həddən çox yaşadı. Hər halda özü deyir (Ölüm, səni çox yaşadım...”) Bu Vaqifin Allahdan şair gileyidi. Hərdən şair ona verilən (!) bu duyuma, baxışa görə də bezir, “adi” insan həyatı yaşamaq istəyir. İstəyir ki, onu şair edən istedadından da qaçsın, ölümdən, tənhalıqdan yaxa qurtarsın (“Uzan, yuxuya ver özünü, şeir yazmaq istəyəndə...”). Hərdən adama elə gəlir ki, Vaqifin Allaha sevgisi də təmənnalıdı: qısqanclığıyla, Tanrıdan umu-küsüsüylə və “insanlardan qüvvətli, gözəl” olan Allaha “cızma-qaralarını” – “qələminin təkliyini” dəyişməmək istəyiylə...
Nəsimi insanı ilahiləşdirib Tanrı zərrəsi insanda haqqı bulmuşdu. (...Səni bu hüsnü cəmalü, bu kəmalilə görüb, Qorxdular həqq deməyə, döndülər insan dedilər”) Vaqifdə də eyni analoji paralelləri aparmaq olar. Ancaq Vaqif insanı ilahiləşdirmir, Allahı insanlaşdırır və umduğu yerdən gileylənir. Ona görə Tanrıdan bir ömürlük gen düşən Vaqifin hicran sevgisi gah sezilir, gah da itir. Görən şairdəki bu təzad nədir belə? Yəqin onu heç özü də izah edə bilməz...
Vaqif daxilən həmişə azad olub. Onun yaradıcılığının ilk illərindən azadlıq haqda yazıları da bundan irəli gəlir. Vaqif yaxşı dərk edirdi ki, müstəmləkə ölkənin azad şairi olmaq çox çətindi, ağırdı. Bəlkə də Vaqifin ölüm və tənhalıq “buxovundan”, lap Tanrı “hökmranlığından” azad olmaq istəyinin səbəbi budur.
Vaqif bütün şeirlərini yazıldığı tarixlə çap edirdi. Şeirinsə heç vaxt nə tarixə, nə də zamana, vaxta ehtiyacı olmur. Ancaq Vaqifin özünü görmək üçün düşünürəm ki, tarixləri o şeirlərin “şahbeyt”ləridi. Yəni şair şeirlərinə tarixləriylə möhürünü vurub, taleyini, yaşadığı anı köçürüb.
İlahi, dogurdan da sənin 40 illik illik səbrin varmiş! Vaqifə verilən əzablar, işgəncələr şeirlərə köçmüşdü, onların da məşəqqətli ömrü 40 il çəkdi – 1956-dan 1996-dək. Bu 40 ilin ilk yeddi ilində Vaqif şair ömrü yaşamaq üçün ağrı-acı çəkdi, ölümdən qurtulma əzabı ilə apardığı təhtəşüuri axtarışlar onu sözə gətirdi. Bizimlə ilk böyük görüşə isə bir qərinədən sonra gəldi. Bu görüşdə də Allaha üz tutdu. “Mən burdayam...” dedi. Qəribədi, Vaqif 40 ildən sonra da elə bilirdi ki, Tanrı onun harada olduğunu bilmir.
Tanrıya sadəcə, böyük şairin kiçik oğlu yox, müdrik oğlu lazım idi. Vaqif isə heç bir mürşidə “40 il” müridlik etmədi və buna ehtiyac da yoxuydu. Çünki Tanrı-şair münasibətlərində vasitəçiyə ehtiyac olmur.
Amma bu nədir? 1971-ci ildə “Bir gün dəli olacağam” söyləyən şairi bir də 80-ci ildə, həm də öz “amplyasında” gördük: “Sevgilim mən öləndə, Bir küncdə xəsən-xısın, Ağlayacaqsanmı sən?”
Bəs aradakı doqquz il? Yoxsa tale yenə də Vaqifə “doqquzluq” gəlirdi?!
Bəlkə də, mən Vaqifi ona görə bu illərdə “itirdim” ki, onu məhz zamanda arayırdım.
Axı, Vaqif özünü ifadə etdiyi sözüylə zamansızlıq və məkansızlıqdaydı:
“aat neçədir, Qumru
Sən qonduğun budaqda?
Vaxt iz qoya bilməyir,
Bu bağda, bu otaqda...
Bu həm də “mürşüdin” istəyiyləydi. Çünki müdrik olmaq üçün bir ömürdə bütün insan həyatlarını – yoxsul, dilənçi, dəli səfil, əyyaş... və kübar alim, ziyalı, sıxıntısız (maddi)... ömür yaşanılmalıdı.
Əgər səhv etmirəmsə, Vaqif bütün bunları yaşayıb: bunu tək şeirləri yox, böyük eynək arxasında nə qədər çox gizləməyə çalışsa da görünən dum-duru və çoxbilmiş baxışları, taleyin qəlbinə yazdığı illəri ixtiyar yaşında əks etdirən üzünün qat-qat, naxış-naxış qırışları “deyir”...
Vaqif və nəhayət “xalq şairi” oldu. “Əslində, o, xalqın şairiydi, sadəcə bu adı indi alıb” deyənlər yanılır. Vaqif heç vaxt xalqın şairi olmayıb və olmayacaq da. O, ən yaxşı halda, xalqın şairinin oğludu. Sadəcə, Tanrı xalqın şairinin ocağında öz şairini də görmək istədi və Vaqif doğuldu.
O, Allahın şairidi.
İlahi, şükür kərəminə. Taleyin istehzasına bax! Səməd Vurğun “Vaqif”dən sonra doğulan körpəsinə, bəlkə də, Vaqif adını ona görə qoydu ki, oxusun və Molla Pənah olsun! Amma yəqin qismətiymiş! Düz 200 yüz ildən sonra xalqımızın eyniadlı şairi də hökmdarlığa can atan birisinin vəziri (müşavir olsun!) olub, “fəaliyyyətdə olan” padşahdan xələt (“ad”) alır. Təbii ki, bu “ad” qəhrəmanlığa görə Dədə Qorqudun Oğuz igidlərinə verdiyi ada heç bənzəmir. Lap elə vaxtına və vədəsinə görə. Bir də, Allaşa şükür, adına nə gəlib. Ona görə yox ki, adı Vaqifdi. Ona görə ki, bu adı ona xalqın şairi – Səməd Vurğun verib.
Fikirlər təntiyib,
ustalır bir-bir,
Kaş ki, ömrü boyu
uşaq qalaydım,
Ay ata, deyirəm,
sənsiz dünyada
Kaş ki, övladın yox,
şeirin olaydım.
Səməd bütün yaradıcılığında şah əsərlər yaradıb. Saymağa ehtiyac varmı?
O əsərlərdən ikisini xatırladım: Vaqif və Yusif. Hər ikisi yaxşı şeirlər oldular, Səmədə layiq: Oxundular, əzbərləndilər və bitmədilər, tükənmədilər...
Vaqif Səmədin qurtardığı... – yox, o heç vaxt qurtarmayıb,- cismən öldüyü yerdən başlayır və...
Hələlik, elə orda da qalıb. Poetik istedadına görə atasından geri qalsa belə...
Təbrik edirik, həm yubileyinizi (gecikmiş, amma keçirilməmiş də olsa. Halbuki “oxunmaq, əzbərlənmək” kimi, buna da ən azı haqqınız çatırdı)
Həm də adınızı. Ölüm və ayrılıq “yoldaşlarınızla” getdiyiniz “Tanrı bağlayan” yolunuz uğurlu olsun!
Di, “Belinski demiş, yolçu yolda gərək”.
Anar Niftəliyev