Haqqında yazılanlar
23 İyun 2023
17:22
          Vaqif Səmədoğlu – bütün zamanların şairi

 

                                          Vaqif Səmədoğlu – bütün zamanların şairi

Zamanın sınağından çıxa biləcəyəmmi? Ayağımı zamanın cızığından kənara qoymağa cəsarətim çatacaqmı? Yoxsa zamanın sözəbaxan övladı olaraq qalıram? – şairəm deyə əlinə qələm götürüb meydana çıxan hər kəs özünə bu sualı verməlidir. Bunda bir fayda vardır. Çünki cavab verə bilmədikdə o kəs, bəlkə, başqa bir işin qulpundan yapışar və o sahədə daha müvəffəq olardı. Bir yaradıcı insana professional qiymət vermək istəyən kəs də onun ərsəyə gətirdiklərinə bir qayda olaraq bu rakursdan göz yetirir.

Vaqif Səmədoğlu yaradıcılığına müraciətən “Şair və zaman” toplusunun qayəsi də bu suallara həm özü üçün, həm də şairin əvəzinə onun üçün cavab tapmaqdır. Yenicə işıq üzü görmüş bu topluda sualları qoyan da, ona cavab tapmağa çalışan da bu bənzərsiz şairimizin yaradıcılığına daha yaxşı bələd olan şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

Nüşabə xanımın öz düşüncə süzgəcindən keçirərək tərtib etdiyi bu topluda Vaqif Səmədoğlu barədə məqalələr, onunla müsahibələr, haqqında deyilənlər, məktublar, fotolar, çap olunmuş əsərlərinin siyahısı bu suallara cavab tapmaqda müəllifə yol göstərir. Akademizmdən uzaq olan bu topluda yetmişi açırmış şairimizin bu vaxtadək yaratmış olduğu məhsulların keyfiyyətini əyani şəkildə müəyyənləşdirmə cəhdi də var, köməkçi vasitə olan – kəmiyyət (deyək ki, əsərlərinin siyahısı) də var.

“Mən nə dünənin, nə bu günün, nə də sabahkı cəmiyyətin şairiyəm. Sadəcə, Vaqif Səmədoğluyam. Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz yaratmışamsa, yəqin ki, hər zamanın şairi olacağam” – Vaqif Səmədoğlunun öz yaradıcılığına gerçəkçi qiyməti belədir.

Nüşabə xanım Vaqif Səmədoğlu şeirlərini ilk dəfə hələ gənclik illərində qəzet səhifələrində oxuyub. Sonra tale elə gətirib ki, ömür yolu ilə yanaşı addımlamalı olublar. Amma indi Vaqif öz uşaqlığından, gəncliyindən canlı, məzəli və kədərli söhbətlər edəndə özünü həmişə Orada görür. Nüşabə xanımın nəzərində Vaqif ömrü “həyat yoluyla yaradıcılıq yolunun bir-birinə calandığı, hörüldüyü” bir şair ömrüdür.

Bu kitabı tərtib edərkən Vaqifin arxivini gözdən keçirməli olduqda, tanıdığı Vaqiflə “yenidən tanış olur” və anlayır ki, bütün bu materiallar yığını ilə Vaqif kimisini “tam” tanımaq mümkün deyil. Bunun səbəbini onda görüb ki, “Vaqif Səmədoğlu öz içinə ömürlük sürgün edilmiş şair və insandır... Vaqif Səmədoğlu XX əsrin ikinci yarısında Azərbaycanın ictimai-fikir tarixini, mədəniyyətini yaradanlardan, sovet ideologiyasının hakim olduğu dövrdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə ədəbi yüksəkliyə qalxaraq, Azərbaycan oxucusunu başqa, onunçün özgə, yeni bir aləmə ­- Totalitar Şüuru alt-üst edən poeziya aləminə aparan və öz iç mübarizəsində istiqlalını, müstəqilliyini qazanan birincilərdəndir”.

Çox görmüşəm ki, Vaqif Səmədoğlu şeirini bəyənməyənləri “niyə?” – deyərək suala tutanda, onun Vaqifi heç vaxt bir əməlli-başlı mütaliə etmədiyi üzə çıxmışdır (amma nədənsə şeirdən-şairdən söz düşəndə hamı onun barəsində “nəsə” söyləmək istəyir). Vaqifin bir şeir toplusunu oxumağa imkan tapanların isə xoş bir heyrət içində olduqlarını, o gündən onun heyranına çevrildiklərini az görmədim. Bizlər kimi Nüşabə xanım da Vaqif Səmədoğlu şeirinin çox zamanlar üçün yaşarı qalacağına inanır. Nüşabə xanım hələ on il öncə yazmışdı:

“İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, zövqlər öz rəngarəngliyini saxlayacaq. İnsanların mənəvi tələbatı artacaq. O, öz daxili aləmini zənginləşdirmək üçün bu və ya hansısa sənətkarın yaradıcılığına, onun yaratdığı aləmə müraciət edəcək. Və mən əminəm ki, gələcəyin insanının seçdiyi, sevdiyi aləmlər içərisində bütün zamanların tələblərinə cavab verən, həmişə müasir qalan Vaqif Səmədoğlu Dünyası əvəzsiz olacaq...”.

Nüşabə xanımın gəldiyi və bizim də çoxdan bəri bölüşdüyümüz bu fikirlə yəqin hər kəs razılaşar ki, Vaqif Səmədoğlu tək öz zamanını yaratmadı, öz şeirləri ilə zamanı qabaqlamağı da bacardı. Onu fərqləndirən və hələ çox yaşadacaq özəllik də, bizcə, məhz bu idi. “Şair və Zaman” isə bunun hesabatıdır.

 

                                             Söhbətləşdi: İ.Umudlu

Tags