Məmməd Aslan, şair: “O da atasının taleyini yaşadı”
“Vaqifin insanlarla rəftarı çox gözəl idi. Hər görən adam onu bir də görmək istəyirdi. Mən də onlardan biriyəm. O zaman Kəlbəcərdə yaşayırdım, Bakıya gəlmişdim. Günlərin birində Yusif və Vaqiflə qarşı-qarşıya gəldim. Yusif dedi: “Çox sağ ol, sən Səməd Vurğuna bizdən daha yaxın olmağını sübut elədin”. Çünki Səməd Vurğunun 46 şairini toplamışdım. “Ulduz” jurnalında “Yamaq tez seçilir” sərlövhəli məqalə yazmışdım. Yazıda bildirmişdim ki, Səməd Vurğuna yamaq vurmaq olmaz. Yusif dedi ki, borcunu yerinə yetirmisən. Cavabında bildirdim: “Atana o qədər borcum var ki, qaytarmaqla qurtara bilmərəm”. Keçən şənbə günündə Vurğuna aid bir yazımda da həmin hadisəni xatırlatmışdım.
Vaqi Səmədoğlu ilə Türkiyədə də bərabər olmuşuq. Sumqayıtda, başqa yerlərdə ədəbi görüşlərdə olmuşuq. Bir ortaq cəhətimiz o idi ki, o da foto dəlisi idi, mən də. O da hara gedirdisə, fotoaparat götürərdik. Yəqin ki, Yazıçılar Birliyindəki tarixi çıxışını xatırlayırsınız. Heç kəs elə çıxış edə bilməzdi. Vaqif də atasının - Səməd Vurğunun taleyini yaşadı. O da xərçəngə tutuldu və “qürbət eldə can vermərəm ölümə” dedi. Vaqif də həmin qurultayda ölümə qarşı gəldi. Deyirdi ki, hələ tamamlamadığım, sığala gətirmədiyim şeirlər var, onları nizama salmamış ölmək istəmirəm. Amma çox əfsus olsun ki, ölüm hər şeydən üstün oldu”.
Zəlimxan Yaqub, xalq şairi: “Onların süfrəsində çox çörək yemişəm”
“Təkcə Vaqif Səmədoğlu yox, ümumiyyətlə, o ailəyə mənim çox böyük hörmətim və minnətdarlığım var. Rəhmətlik Xavər xanımın süfrəsində çox çörək yemişəm. Səməd Vurğunun istəkli övladlarından biri olmuşam. Vaqif də, Yusif də mənimlə çox gözəl rəftar ediblər. Əlbəttə, Vaqif Səmədoğlunun ölümü ədəbiyyatımız, xalqımız üçün böyük itkidir. Amma o xalqımız üçün həm Səməd Vurğunun bir oğlu, həm də böyük şair kimi hər zaman yaşayacaq”.
Vaqif Bayatlı Odər, şair: “Ölüm xəbərini eşidəndə az qala huşumu itirəcəkdim”
“Özümü çox pis hiss edirəm ki, onun bu dəqiqələrdə keçirilən vida mərasiminə qatıla bilmirəm. Səhhətim imkan vermir. Dünən eşidəndə çox pis oldum. Az qala huşumu itirəcəkdim. Elə indi də o səbəbdən pisəm. Vaqif Səmədoğlu tək Azərbaycanın deyil, dünyanın böyük şairlərindən biridir. Elə şairlər də var ki, dünyanı qanadlandırır. Bax, Vaqif də onlardandır. Allaha ona rəhmət eləsin! Onunla xatirələrim həddindən artıq çoxdur. Hansını yadıma salım, bilmirəm. Amma o yadıma gəlir ki, mən hələ orta məktəbdə oxuyanda Vaqifin ilk şeirlər kitabı çıxmışdı. “Kommunist” və başqa qəzetlərdə onun yaradıcılığı əleyhinə şeirlər yazılırdı. Hətta “Vaqifin əleyhinə şeirlər” adlı silsilə yazılar var idi. Amma zaman göstərdi ki, o cür lazımsız şeylər yox, məhz Vaqifin yaradıcılığı yaşadı.”
Rüstəm Behrudi, şair: “Vaqif qorxmadan oturub ölümünü gözləyirdi”
“Dünyada oturub öz ölümünü gözləməkdən ağır heç nə yoxdur. Və Vaqif qorxub-eləmədən oturub ölümünü gözləyirdi.
Tanrı yazdığın yazıbdı,
Sən bir mələksən, mən adam.
Tanrı kimidir, oturub
Ölümün gözləyən adam.
Allahdan, onnan savayı,
Ölümündü sirr payı...
Nə iblis, nə mələk sayır,
Ölümün gözləyən adam.
Nə əcəldi, nə yazıdı,
Nə şəhiddi, nə qazidi,
Boş bir məzarın özüdü -
Ölümün gözləyən adam.
Tanrı yazdığın pozaram,
Durub bir məzar qazaram,
Qazıb üstündə yazaram:
- Ölümün gözləyən adam.
Elmin NURİ