İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısını təqdim edir.
Vaqif Səmədoğlunun lirik qəhrəmanının həyat fəlsəfəsinin poetik məqamlarında müraciət, təhlil və təsvir obyekti müxtəlif və rəngarəngdir. Onun Allaha və tənhalığa, Vətənə və azadlığa, sevgiyə və ayrılığa, yaddaşa və ümidə, insana və mühitə, sevincə, kədərə və şeirə, dəliyə və dəliliyə, ölümə, sərxoşluğa və sükuta özünəməxsus bədii-fəlsəfi, etik-əxlaqi münasibəti var.
Allah onun ilk və son könül həmdəmi, sığınacaq yeri, həmdərdidir. Tənhalıq isə onun üçün Allah qədər əziz, toxunulmaz və müqəddəsdir. Çünki tənhalıqda azadlıq var:
Bu gün dənizi siləndə
gilavarın yaylığı.
Yenə dindi təkliyimin
Yorğun söz azadlığı...
Tənhalıq azadlığında isə əyilməzlik, qürur, əzəmət görünür. “Yer üzünün bütün məntiqlərinə meydan oxuyan qələmimin təkliyini heç nəyə dəyişmərəm” - deyən şair öz gözəl, müqəddəs dünyasına-tənhalıq aləminə heç kəsi, ən əziz adamını-övladını, anasını, bacı-qardaş və sevgilisini belə buraxmır:
Bir kimsəsiz ömür yaşayıram ki,
bu ömürdə
anam da yoxdur.
Bircə bulud kölgəsi də düşməyib
Durduğum bu torpağın üstünə.
Bu ömürdə yaşadığım
evin qapısını döyməyib
nə qardaş, nə bacı,
nə sevdiyim bir qadın əli.
Bu evin qapısına
gələn küçələrin birinə də
verilməyib atamın adı...
Ancaq: “Ömür tənhalıq verdi mənə, ölüm başdan-başa doldurdu təkliyimin boşluğunu” deyəndə məlum olur ki, ölüm də həmdərd, təsəlli, ümid ola bilərmiş. Onun sevgiyə və sevgiliyə münasibəti də gözlənilməzdir:
Yanına gəlib
“sevirəm” desəm sənə
İnanma, aldanma,
qov məni qapından biryolluq.
Çünki əvvəl-axır sevgim yalan çıxacaq, “sözlərlə dolu bir dil... Və o dilin sözləri...qolumdan tutub geri, yenə şeir yazmağa aparacaq məni” - yəqinliyinə inanır. Şairlik insantək yaşamağa, sevinməyə qoymadığı kimi sadiq aşiq kimi sevməyə də imkan vermir. “Sözlərlə dolu bir insan dili”-şairlik aşiqliyə güc gəlir. Sevgilisini həzin, yanıqlı nəğmə kimi xatırlayır, onun görüşündən isə həmişə qaçır, “özüm də bilmirəm görmək istəyirəmmi səni?”, “gəlmə, qurban olum, gəlmə, bu gün də məni aldat”-yalvarışı ilə onu özündən uzaqlaşdırır. Lakin unuda da bilmir, onu dünyanın ən gözəl mənzərəsi, ən gözəl nəğməsi kimi sevir:
Yox, qurtara bilməyəcəksən,
qaça bilməyəcəksən yaddaşımdan
hələ ki, yer üzündə
bircə nəğmə, bircə ağac,
bircə sahil var...
Sevgisinin bünövrəsi isə ayrılıqdan tökülüb. Həmişə vüsal yox, hicran həsrəti ilə sevib. Düşüncəsində ayrılıq da ölüm kimi əbədidir, “etibarlıdır”.
Yola çıxanda
bir yoldaşın ayrılıq,
o biri ölüm olsun
həmişə.
Onların etibarına güvən.
Güvən, rahat get
çıxdığın yolu...
Sevinc, ümid, xoşbəxtlik aldadıcı və keçicidir. Qəhrəmanımız ötəri olan heç nədən yapışmır, lakin həyatı qara rənglərdə də görmür. Gözəlliyin bir anından, bir anlıq sevincindən, insan gözəlliyindən, təbiət möcüzəsindən qidalanan ruhunu ilham pərisinin ixtiyarına verdiyi anlar da az deyildi. Ancaq “mənim sevinc, məhəbbət yox, ayrılıqdır çörəyim”-qənaətinə gələndə, “Ürəyimdə bir ayrılıq qəribsəyib və bu ayrılıqdan bir şeir”-deyəndə ayrılığın da tənhalıq kimi necə mərhəm, zövqverici olduğunu görürük.
Mövzu zənginliyi imkan verir ki, Vaqifin şeirlərini bir neçə istiqamət üzrə qruplaşdıraq: 1) Allah və biz 2) Vətəndə qürbət şeirləri və azadlıq həsrəti 3) Mühit və şəxsiyyət 4) Gözəlliyin bir anı 5) Yaddaşa dönüş 6) Tənhalıq və sükut 7) Öz “mən”inə münasibət və etiraf 8) Şeir nədir? 9) Sevgi və ayrılıq 10) Dəlilik və dəlilər 11) Ümidin iki üzü.
Əlbəttə bu bölgü mövzu məhdudluğuna dəlalət etməməlidir. Bu istiqamətləndirmə yalnız təhlilə cəlb olunan şeirlərə aid edilir.
1) Allah və biz. Lirik qəhrəmanımızın arzu və istəyi, hiss və düşüncələri o qədər təbii, səmimidir ki, onu ən yaxın, doğma adam kimi tanıyırıq. Onun nədən fərəhləndiyini, nədən kədərləndiyini də duyuruq. Bilirik ki, dünyadan əli üzüləndə, “sağkən öldüyü anda” tənhalıq hücrəsinə çəkilib şeirləri ilə dua etməyə, Allahla dərdləşməyə başlayır:
Allaha inanan
gecəmdir yenə,
Şeir oxuyuram
dua yerinə...
Dualarının çatmayacağı naümidliyini yaşayanda “Ən uzaq planet Allahdır, Allah” təəssüfündə olur. Və yarı giley, yarı yalvarış tərzdə şikayət edir:
Kimin var ulu tanrı
Məndən savayı bu dünyada?
Kimim var səndən başqa
bu aləmdə mənim?
Sən mənim son ümidim, ən ali inancım olduğun kimi, mən də sənin ən etibarlı, sənə sədaqətli bəndənəm. Hər ikimiz tənhayıq, bəs niyə dualarımı eşitmirsən? - sualına cavab tapmayanda, guya başqa bir həyəcanlı xəbər aldığı üçün əl-ayağa düşür:
Ancaq bu qara xəbəri
Mənə bu gün kim göndərib?
Allah məndən üz döndərib...
İnsan kədərlənəndə, mənəvi sıxıntı keçirəndə qəlbini, beynini, ruhunu dincəldən, poetik mənalı, düşündürücü və təmənnasız bir söz eşitmək istəyir. Vaqifin poeziyasında tənha insan və insanın tənhalığı anlayışı var. Və xoşdur ki, bu tənhalıq bezdirici, ruh düşkünlüyü yaradan, öldürücü tənhalıq deyil, əksinə bu tənhalıqdan insan zövq alır, tənhalığı ilə üz-üzə olanda öz “mən”i ilə təmiz, saf ünsiyyətdə ola bilir. Belə məqamlarda haqqa, ədalətə-Allaha daha yaxın olur:
Aman, Allah, dəli qış yağışları yağanda,
yuyanda nədənsə bezmiş bu şəhərin evlərini,
ağlayıb küçələrə axanda
pas atmış navalçaların çarəsiz tənhalığı,
yadına sal məni,
yadına sal məni qoyduğun yeri,
tap məni, tap, aman, Allah!
Və bil, və bil, bil ki,
durub pəncərə qabağında, baxıram,
baxıram yağış və yağış səsi altda
ayağı yalın, başı açıq qalmış
bir insan taleyinə,
və bu tale yiyəsi
bu Allahsız dünyada da
inanır, inanır, inanır Sənə ...
İdeya və bədii cəhətdən kamil olan bu şerdə poetik mükəmməllik, ahəngdarlıq və lirik-fəlsəfi duyum var. Lirik qəhrəmanın vəziyyəti ilə bədii mühitin qəribə uyğunluğu və bir-birini tamamlayan harmoniyası göz qabağındadır: “şəhərin nədənsə bezmiş evləri”, “pas atmış navalçaların çarəsiz tənhalığı” və “yağış və yağış səsi altda ayaqyalın, başıaçıq qalmış bir insan taleyi”. Yaxşı ki, tənhalar üçün ağlayan dəli qış yağışları da var. Və göz yaşına dönən yağışın səsinə səsini qatıb Allaha tapınan şeytanın meydan açdığı dünyada-haqsızlıq, allahsızlıq məkanında haqq, ədalət axtaran, haqqın böyüklüyünə inananlar var...
Bir ah çıxıb daşa dəydi,
Ah daşa dəyəndə nolur?
İnsanlar ağlamayanda
Allahın gözləri dolur.
Kədərə, dərdə etinasızlıq insandakı yüksək, dəyərli hissləri öldürür. Daş soyuqluğu ilə qarşılanan kədər Allahı kövrəldir. “Qurani-Kərim”in də hər surəsində dönə-dönə bir fikir təkrarlanır: Allah rəhimli və hökm verənlərin ən insaflısıdır. Dünyanı və bəşəriyyəti yaradan Allah-yeganə və böyük qüvvə insan kədərindən təsirlənir, insanlar özləri isə öz kədərləri və faciələri üçün ağlamağı-düşünüb kədərlənməyi bacarmır.
Yoxsa sənin də
könlünə dəymişəm, Allah,
sərxoş olduğum vaxt?
Bütün dualarım geriyə dönür bir-bir,
ölənə,
evindən köçənə
yazılmış məktublar kimi...
Keç günahımdan, Allah...
Konkret, mənalı və zahirən sadə görünən bu misralar daha bədii-dramatik və əhatəli bir səhnə yaradır. Tanrıya ünvanlanan, imdad, kömək haraylayan yalvarışlar qəbul olunmur, heçliyə, yoxluğa doğru qayıdır. Dua-xilas yolu, bağışlanma arzusu kimi mənalandırılır. Lakin zahirən asan görünən bu çıxış yolu-sadəcə dua etmək və istədiyinə nail olmaq o qədər də sadə proses deyil. Deməli dua etməyə də layiq olmaq, dua etmək haqqı qazanmaq lazımdır.
Yenə bu hamar,
nərdivansız divar.
Yapışıb sallanmağa
bircə dırnaq yeri də yoxdur
onun üzündə.
Qalx,
sürüş,
düş yerə yenə...
Duaları eşitmir Allah,
eşitmir xoşbaxtlıqdan.
Və şükür, min şükür olsun
bu hamar divara
nərdivan qoyulmayıb...
Allahla bəndələr arasındakı yol-daha doğrusu yerdən-aşağıdan, insanlardan yuxarıya, Allaha doğru ucalan məsafə-bircə dırnaq yeri də olmayan hamar, nərdivansız divar. Şəffaf və sürüşkən divarla nə göndərirsə yalnız Tanrı özü göndərir. Yuxarıdan aşağıya. İnsanlar isə öz duaları vasitəsilə yuxarıya-Allaha doğru can atır. Maddilikdən çıxan varlıqlar dualara çevrilib qalxır, qalxır və yenə də həmişəki kimi sürüşüb düşür. Müxtəlif niyyətli bu dualar Allaha çatmır. Maraqlıdır ki, şair bəndələrin Allahla əlaqəyə girə bilməməsinə sevinir və min yol şükür edir ki, bəndələrlə Tanrı arasındakı yola nərdivan qoyulmayıb, bu yol biz insanlar üçün eləcə göz dağına çevrilib qalıb.
Bəlkə yer üzünə yaşamaq, yaratmaq, zövq almaq üçün göndərilən insanların, dünyanı qana çalxayan, tamahı daş yaran, şeytanın felinə uyub fitnə-fəsad törədən insanların əməllərindən qəzəblənən Allah özü bu yolu-divarı bu qədər əlçatmaz və ünyetməz eləyib. Bəlkə get-gedə iblisləşən insanların duaları “bəndə duası” donundan çıxıb hiylə, məkr, qılıq sifəti alıb, ona görə ulu yaradan bu dualardan imtina edir, onu özünə yaxın buraxmır.
Biz yox,
Allah inanmır bizə...
İnanmır
əlimiz qana batanda,
insan insana daş atanda.
Dindən, imandan Allahdan uzaqlaşdığımız illərdə, ateistlik cəsarətimizin coşduğu bir dövrdə tutduğumuz yolun doğruluğuna inanırdıq. Demə bu yol bu imiş:
Bu yol öküz yoludur,
erkəkliyi, buğalığı unutmuş,
Allahı da gərəksiz
bir yük kimi çiynindən atmış
bir aləmin guya düz yoludur,
bu yol öküz yoludur...
Onda biz hər şeyi unutmuşduq. Özümüzü də, yolumuzu da, bizi yaradanı da... “Yol”lara, “iz”lərə, göstəriş və pərəstişlərə uyub baş alıb gedirdik.
Biz unutmuşduq hər şeyi,
ancaq heç nə çıxmamışdı Allahın yadından.
Uzun illər poeziyamızın aparıcı ideyasına çevrilən “yer üzünün əşrəfi insandır!”-nidası bu poeziyaya yaddır. Əksinə, dünyada bütün eybəcərliklər və haqsızlıqlar üçün cavabdeh və günahkar insandır!-ittihamı ilə qarşılaşırıq. Hər şeyin əlacı isə Allahdadır. Odur ki, insanlar arasında ən bədbəxt, əlacsız bir vəziyyətə düşmüş qəhrəmanımız yenə Allaha üz tutur:
Qulaqlarımda küləyin uğultusu,
Gözlərimdə torpağın tozu.
Sağımda kor quyu,
solumda paslı darvazanın səsi.
Arxamda bağ evi,
qarşımda hasar.
Sağ əlim cibimdə,
sol əlim divarda.
Burdayam, ay Allah, burda!
Şeirin ilk iki misrası hesabına canlanan obraz bizə tanışdır. Dünyanı, həyatı bütün çılpaqlığı ilə anlayan və bu anlamın təsiri ilə müdrikləşən bir insan. Kədəri qədər də əzəmətli görünən bu insanın ətrafı elə təsvir olunur ki, oxucu özünü bir anlıq da olsa o çərçivədə hiss edəndə dəhşətə gəlir. “Sağımda kor quyu”-suyu qəhətə çəkilmiş kor quyu. Su olan yerdə paklıq, canlılıq, qaynar həyat, yaşayış olar. Ancaq çərçivənin bir tərəfini kor quyu tutur. “Solumda paslı darvazanın səsi”-gediş-gəlişi kəsilən, açılıb-örtülməyən paslı darvazanın səsi, yəqin ki, cırıltısı...Qapı, darvaza-bu da canlılıq nişanəsidir. İnsan bezəndə, darıxanda qulağı qapıda olur, qapı səsi, açılan darvaza səsi eşitmək istəyir. Torpağın tozu ilə bulaşmış gözlər kor quyuya zillənib. Külək uğultusundan təngişən qulaqlar isə yəqin ki, ancaq küləyin tərpətdiyi paslı darvaza cırıltısına köklənib. “Arxamda bağ evi”-arxada qalmış ömür, ümidlər... “Qarşımda hasar”-gələcəyə gedən yolu bağlayan hasar, keçirməzlik, sədd, divar... “Sağ əlim cibimdə, sol əlim divarda”-bekarçılıq, işsizlik, hərəkətsizlik, donuqluq. Təkcə gündəlik qayğılardan yox, həm də dünyadan, qalan ömür payından əl çəkib dayanmaq...
“Burdayam, ay Allah, burda!”-bəndəsinin unutmuş Allahı çağırış. Həzin zümzümə qədər avazlı və acı etiraf qədər ağrılı misrada bəşəri bir anlam, alilik hiss olunur. Vaqif Səmədoğlunun başqa əsərlərində olduğu kimi bu şeirin son misralarında da şairin özünün yaratdığı ümid işığı görünür: Burdayam, ay Allah, burda! -Allahın yadından çıxdığını zənn edən qəhraman düşdüyü faciəvi səhnəni təsvir etməklə, sönmüş hissini, yaddaşını çözələməklə, hətta duruşunu, aldığı vəziyyəti çatdırmaqla güman edir ki, Allahın yadına düşəcək. Və inanır ki, insan bağrını çatladan bu gərdiş Allaha agah olandan sonra rəhm qapıları onun da üzünə açılacaq.
İndi nə dua, nə qarğış,
nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq,
Allaha kömək vaxtıdır...
Həmişə Allahdan imdad diləyən şair bu dəfə dünyanı, insanı Allaha kömək etməyə çağırır. Şeytanla əlbir olub dünyanı alt-üst edən insan duadan da, qarğışdan da əl çəkib susmalı, düşünməli, haqqa gəlib ulu Tanrıya kömək etməlidir.
2) Vətəndə qürbət şeirləri və azadlıq həsrəti.
Yenə gözlərim yol çəkir,
yenə qulağım
ana dilin sorağında,
yenə qürbətdən bir kəlmə eşitmək həsrəti
Vətən haqqında...
Vətən qürbətdir. Bu qürbətdə vətəni qərib bir nisgil ilə sevmək, arzulamaq, ona nəğmələr, ağılar qoşmaq qəlbi tənhalıq və ayrılıqlar ümmanına çevrilmiş qəhrəman üçün doğma bir dərd, qayğıdır. Bu məzmunlu şeirlərin heç birində “Vətən mənə yaddır” fikri yox, “mən Vətənə qəribəm” -gileyi var. Vətənin dağına, meşəsinə, gecəsinə, ağ gününə, qara gününə, buluduna, tarixinə şərəfli və xəcalətli səhifələrinə, gələcəyinə, azadlıq həsrətinə doğma övlad sevgisiylə yanan, milli-mənəvi dəyərləri tapdayanları ittiham edən şairin “qərib”liyində şüphəli bir şey aramağa dəyməz, Vətən haqqında ən gözəl, ən təsirli şeirləri mühacir şairlərimiz yazıb. Vaqif deyir ki, doğma torpağında ömrü boyu “mühacir üşütməsiylə” yaşayırsan, axırda da sənə həmin torpaqda “qərib məzarı” qazılır.
Mənə yaşamağa
bir qürbət verin
ürəyimdə bir vətən qəribsəyib,
və bu vətəndən bir şeir.
Bu poeziyada tarixi, dili, dini saxtalaşdırılmış Vətən yalnız coğrafi ərazi kimi deyil, milli-tarixi yaddaş kimi də anılır. Bu misralardakı qürbət bu dəfə başqa-Vətəndən uzaq bir məkandır. Uzaqda-ayrılıqda qəribsəmiş ürəklə Vətən haqqında təəssürat yad nəğmələrin təsirindən yaranır. Məsələn fransız şərqisi eşidəndə “yenə başdan-başa şumlanmış el düşəcək yadıma, yenə qalacam iki əlim yaxamda”-deyir. Iki əli yaxasında olmaq kiminsə, nəyinsə dərdini çəkmək deməkdir. Başdan-başa şumlanmış el isə Vətəndir. “Ana dili” ifadəsi çox vaxt Vətən sözünün paraleli, sinonimi kimi işlənir. Dilini unutdun, elini, vətənini unutdun, fərqi yoxdur. “Yenə qərib şeirə döndü Ana dilin sözləri” qorxusu vadar edir ki, müəllif həyacan təbilinə bənzər haray qoparsın:
Qürbətə dönməməlidir
bu yerlərin yetimliyi.
Gündoğanın və günbatanın
himnlərini bilməlidirlər,
ayaq üstə oxumalıdırlar balalarımız.
Unudulmaya gərək,
yada düşə gərək
bu torpağın bütün sözləri.
Vətənin doğma sığalına, isti münasibətinə həsrət nisgili, hər addımda qarşılaşdığı yad münasibət məcbur edir ki, bu misraların müəllifi özünü vətəndə qərib adlandırsın:
Qürbətə mən neçin gedim,
Qərib bəxt içindəyəm.
Ömrü kimi bəxti də yurdda qərib taleyi yaşayır. İctimai-siyasi durumu, millətin keçdiyi yolu, gələcəyini düzgün qimətləndirməyi bacaran Vaqif ən kədərli şeirlərini xalqın, vətənin tarixi taleyi, faciə və səhvləri ağrısından yazıb. Milli azadlıq mübarizəsi zamanında böyük ümidlərlə yaşayan şair gözlənilməz zərbələrdən, xəyanətlərdən bir daha sarsıldı. Yalan, riya, pərəstiş və saxtalıqlar üzərində qurulan ictimai-siyasi mühitin mənzərəsi Vaqifin qələminə yenidən ümidsizlik və kədər notları gətirdi. “Yurdun sazaq günləridir”-ağrısını yaşayan dərdli şair üçün Vətən yenə qürbətə çevrildi:
Mənə vətən yolu
dar gəlir yenə,
üzümə bahar yox,
qar gəlir yenə...
Müəllif ümidsizliyinin səbəbini izah edib bildirir ki, artıq gecdir, anlamaq, başa düşmək lazımdır ki, bel bağladığımız, ümid sayıb arxasınca getdiyimiz “uğur” bizim üçün deyilmiş. Baş alıb getdiyi yolun tən ortasında bu “qara” xəbəri, “qara” həqiqəti eşidib dərk edəndən sonra yenə “iki əli yaxasında” qalır:
İndi hansı səmtə, haraya doğru
Üz tutub gedərsən qar yağa-yağa?
Şeirlərinin birində müəllif azadlığa müraciətlə deyir ki, mən sənə doğma ana kimi baxıram, sən məni ögey övlad kimi özgə qapılarına salmısan. Ancaq mən səndən əl çəkən deyiləm, çünki sən son ümidimin qaldırdığı təslim bayrağısan:
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək...
Azadlıq həsrəti də Vətən həsrəti qədər əzablı və qaçılmazdır. Darıxdırıcı, mənasız boşluq içərisində təzyiqə tab gətirməyib zəifləyəndə “üstələyib yıxacaq məni azadlıq həsrəti...” deyir. Azadlıq sevgisini uzun illər sirr kimi saxlayan müəllif qəlbinin sükutunda onu əzizləyib, ona ümidlər bəslədi. Bu əlçatmaz arzusunu hətta ucadan faş etmək cəsarətində də olmadı:
Azadlıq kəlməsi
ovda çıxır ağzımdan,
o da yalnız
tüfəngim açılan anda...
Bir zamanlar azadlıq ümid, təsəlli olanda onunla baş-başa verib yaşamaq olurdu:
Və bu can çıxan bürküdə
yenə ikimiz qalırıq
verib baş-başa.
Mən və azadlıq...
Nə qədər ki, bu həsrəti gizli yaşayırdı, xoş xəyallar, həqiqətə çevrilə biləcək niyyətlər ümidi ürəyində bu həsrətin odunu daha da alovlandırırdı. Və bu həsrət müqəddəs bir arzu kimi yaşanırdı. O zaman ki, azadlıqdan hamı dəm vurası oldu, anlayan da, anlamayan da “azadlıq” deyib qışqırmağa başladı və bu haraya, naləyə, istəyə deyil, qışqırığa çevrildi, onda onun içində bəsləyib böyütdüyü müqəddəs azadlıq arzusu xırdalandı, çilik-çilik olub töküldü:
O bayrağın kölgəsində
Bax həmin o yalqız tində,
Xam dünyanın yedəyində,
tamam sərxoş, it günündə,
Adamsızlıq sifətində,
Adam nədir bir itin də,
it canında bir bitin də
xoşuna gəlmədim onda
Azadlıqdan dəm vuranda...
3) Mühit və şəxsiyyət. İctimai həyatın görünən və görünməyən ziddiyyətləri, mənəviyyatda baş verən oyanış və sarsıntılar, onların ictimai səbəbləri Vaqifin qəhrəmanının poetik düşüncəsində qlobal dərd səviyyəsində səslənir. Zəmanədən şikayət, dövrün-ictimai mühitin eyiblərinə vətəndaş münasibəti dünya, eləcə də Azərbaycan poeziyası tarixində daimi mövzulardan biri kimi əbədiləşib. Bütün ədəbi nəsillər, bəlkə bütün şairlər bu mövzuya müraciət ediblər. Lakin nə sadəcə şikayət və küskünlük, nə də kortəbii etiraz və tənqid haqq vermir deyək ki, bu mövzuda yazılmış bütün şeirlər aid olduğu dövrün güzgüsüdür. Yalnız həyat həqiqətlərini dövrün real mənzərəsini düzgün olmaq və obyektiv əks etdirməklə buna nail olmaq olar. Vaqif zəmanəsinin həqiqətini, yaşadığı ictimai mühiti belə bir obrazlı dillə təqdim edir:
Sonsuz qadın kimi dərdli,
və sonsuz qadın kimi acıdil
bir aləmdir ki, bura,
oxuduğun ən gözəl nəğmə,
ən həzin şeir
yerə düşür ağzından,
quru budaq kimi sınır
ayaqlar altında...
Zəmanəsini sonsuz qadına bənzədir. Sonsuz qadın kimi bəhrəsiz və gələcəksiz bir aləmdə ən gözəl nəğmə, ən kövrək şeir belə öz qiymətini almır, sönük və laqeyd qarşılanır. Dərd də, gözəlliyə də etinasızlıq nəzərdə tutulan mühitin başlıca əlamətidir. Burda ən doğru söz də, yaddaş-keçmişi yaşadan, gələcəyə aparan yol belə gərəksiz olub. Özünü də xilas edib, “özünə gün də ağlaya bilməzsən bu aləmdə”. Burda yalnız bunu bacararsan: “ancaq yazığın gələ bilər özünə...”.
Təbii idi ki, belə bir sarsıdıcı mühitdə dövrünün həqiqətlərini poeziya tarixinin yaddaşına köçürən vətəndaş şair də görünməz oldu və danılmaq, gizlədilmək faciəsi ilə üzləşdi.
Görkəmli ədəbiyyatşünas alim M. Cəfər XIX əsr rus ədəbiyyatı haqqında yazırdı: “Bu mütərəqqi ədəbiyyat hakim ictimai quruluşun müdafiə etdiyi, əzizlədiyi, mükafatlandırdığı məddahlar tərəfindən yox, məhkum xalq üçün yazdıqlarına, həqiqəti müdafiə etdiklərinə görə hər addımda təqib olunan məğrur, qorxmaz və qəzəbli fikir qəhrəmanları tərəfindən yaradılırdı. Bu mübariz və döyüşkən ədəbiyyatın ən gözəl nümunələri çox hallarda həbsxanalarda, sürgünlərdə, mühacirətdə və ya polis nəzarəti altında yaşayarkən yazılırdı. Və bu nümunələrin bir çoxu senzuranın amansızlığı və danosbazların təqibi nəticəsində vaxtında mətbuat üzü görmür, əlyazması halında yayılır, gizli siyasi dərnəklərdə oxunurdu”. M. Cəfər Vaqif isə həqiqəti müdafiə etdiyinə görə dustaq fikirlər poeziyası yaradırdı.
Nəfəs hədər
Gəlib gedər,
şeirlər ondan betər...
Gülüm, yetər,
Qımıldanma, gözlə bir az,
Allah bilir, bəlkə bu yaz,
Bəlkə min il bundan sonra
əsrləri yara-yara,
bu dünyanın yerini
ulduzlardan sora-sora
gəlib bağırram: oyan!
Amma indi, indi dayan...
“Bir dövrdəyəm ki, nəzm olub xar”-Dərdi, kədəri, məhəbbəti Füzulinin dərdinə, kədərinə, məhəbbətinə bənzədiyi kimi, dövrünün sənətə, sənətkara münasibəti də həmin dövrü xatırladır. Oyansan eybəcərliklərlə, yalan, etinasızlıqla, məkr, hiylə və xəyanətlə rastlaşacaqsan. Ona görə də, nə qədər ki, “aləm ayıqdır”, “dünya oyaqdır”, yat! Yat-nidası burada özünü, dərdini göstərmə, sözünü gizlət, nadanlığın qurbanı olarsan-mənasını verir.
Əlindən nə gəlir sənin,
Əlin yerdən üzülübsə?
Dildə sözün, sözdə özün,
Göydə Allahın ölübsə?
Sözünlə özünü göstərə bilmirsənsə, yer üzündə haqsızlıq baş alıb gedirsə, gördüklərindən “əlin yerdən üzülürsə”, nə edə bilərsən? “Baltaya Allah deyənin axırda vurulur başı”-misralarında isə dövrün başqa bir qiyafəsi açılır: öldürən, baş kəsən, hökm oxuyan uca hesab edilir, haqqı, ədaləti, hökmü Tanrıdan yox, baş kəsəndən gözləyirlər.
Dövrün bütün ağrılarını içindən keçirməyi bacaran Vaqif onun ictimai-siyasi kökünü araşdırmağa çalışır və millət, xalq üçün bədbəxtlik gətirən hər bir faciəyə, bəlaya obyektiv və qlobal səviyyədə yanaşır:
Yuxuda gördüm səni,
dirilmə, ay nənə, dirilmə.
Erməni bizi, biz ermənini,
rus hər ikimizi qırır, ay nənə.
Dirilmə, bahalıq, qıtlıqdır,
qəzəblə, kinlə tutulub
körpələrin də qulaqları,
bir nağılın eşidilməyəcək,
bir laylan yuxu gətirməyəcək daha...
Nə qədər qarışıq, gərgin, acınacaqlı bir mühitdə yaşayırıq ki, buranı o dünyadan gələn ölüyə də rəva bilmir. Müharibə, aclıq, qıtlıqdır. Qəzəbin, kinin coşduğu bir yerdə layla, nağıl belə eşidilməyəcək.
Vaqif poeziyasına məxsus fikrin gözlənilməz komik axara salınması üsulu ilə bu şeirdə də rastlaşırıq: bütün ictimai-siyasi-sosial bəlaları sayandan sonra, nənəni sadə, anlaşıqlı tərzdə yola gətirməyə çalışırıq:
Dünya dönüb, dəyişib Bakı,
elə biz də,
üç ev dəyişmişik sən öləndən bəri.
Dirilmə,
tapa bilməyəcəksən təzə evimizi,
dirilmə, ay nənə, dirilmə...
Hər cür mənəvi əsarətə, köləliyə nifrət edən şairin ittiham və qəzəbində xalqın, vətənin də səsini, harayını eşidirik.
Bacım bayquş, zülmətdə çıxdım yola,
neçə kərə yıxılmışdım az qala,
Qurban olum, ulayanda bərk ula,
Səsə gedim, dumanlıqdır, görmürəm.
Belə bir “yolsuz”, ümidsiz zülmət qaranlığında hər şey görünməz olub. Zülmət mühitinin qatışıqlığının mahiyyətini müəllif çox vaxt “tüstü”, “duman” ifadələri ilə açıqlayır. Zamanın üzərinə elə bir qaranlıq çöküb ki, nə gecə, nə də gündüz dünyanı görmək, yaxşını-pisi ayırd etmək mümkün deyil. Bu sarsıdıcı mənzərənin (mühitin) yol göstərəni, “kompası” isə yəqin ki, ancaq dağılmış yurdlarda, xarabalarda cuşa gələn bayquş ola bilər. Bayquş səsi, bayquş obrazı şeirdəki ideya mühiti üçün olduqca orijinal bir tapıntıdır.
4) Gözəlliyin bir anı. Bu poeziyada dünyanın adi hesab etdiyimiz, bəzi fərqinə varmadığımız hadisələrinin elə qeyri-adi yozumu, elə əhatəli və təsirli təsviri var ki, onunla rastlaşanda susmalı, susmalı və ancaq susmalı olursan:
Sus, sən Allah, sus!
Karsanmı?
Görmürsənmi səhər açılır...
Korsanmı?
Görmürsənmi səhər açılır
Qonşu evin yastı damına
Günəşin hələ isinməmiş işığı düşür,
yaqut kimi parıldayır
sınıq şüşənin qırıntıları.
Gecələr oyanan ata-baba qəzəblərini unudub
mülayim hürüşür indi itlər.
Balıqlar oynaşmağa başlayıblar dənizdə.
Nəmdir, şehlidir hələ qumsal torpaq.
Səhər açılır...
Sus, sən Allah, sus.
Bu şeirin özünü kənara qoyub orada təqdim olunan mənzərəni yaddaşımıza köçürsək və həmin anı təkrar-təkrar yaşasaq, özümüzü gözəl bir sənət əsəri qarşısında hiss edərik. Səhər açılır...Gözəl bir tablo. Açılan səhərin aydınlığını, təmizliyini nümayiş etdirən şəffaf boyaların harmoniyası, günəş işığının rəngi, dəniz rəngi və s. Səhər açılır...həzin, mülayim dəniz səsli, ümid notları ilə köklənmiş gözəl bir musiqi əsəri...Misraları arxasında rəngləri görürük, səsləri eşidirik. Bu səhərin təmizliyi, paklığı ilə qəlbimizə nur dolur, ruhumuz təzələnir və yəqin ki, mənəvi eybəcərliklərimizin bir qismi, az da olsa bir qismi bu təmizliyin işığında əriyib yox olur.
Bir az bu yana otur,
üzünü çevir pəncərəyə sarı,
yağışdan sonra
yarpaqlarında damlalar işıldayan
o zeytun ağacına bax.
Bax, beləcə otur, gülüm, qımıldanma,
sənin şeirini çəkəcəyəm indi.
yadına sal ya ən gözəl,
ya ən pis bir gününü,
qoy gözlərin heyrət rəngində olsun.
Tərpənmə, qurban olum, qımıldanma,
tapım şeirinin rənglərini.
Yenə də son dərəcə dəqiqliklə canlandırılmış bir səhnə: zeytun ağacının yağış damlaları ilə işıldayan yarpaqları və bu yarpaqların üstündəki damlalarla baş-başa qalan heyrət dolu gözlər... Şair demir şəklini çəkim, deyir “şeirini çəkəcəyəm indi”. Şeiri tablo ilə eyniləşdirir. Şeir yazacam da demir. Deməli, bu görünüş, bu aləm təkcə şeirə sığmır, təkcə şair duyğuları, şair emosiyası azlıq edir. Bu gözəlliyi təsvir etməyə həm də mahir bir rəssam hissiyyatı gərək olur. Elə bir rəssam ki, zeytun ağacına zillənən, xoş və ya bəd gününü xatırladıqca həyəcanlanan gözlərdəki heyrəti çəkə bilsin. Müəllif önündə dayandığı bu poetik gözəlliyi təkcə qələmlə deyil, həm də fırça ilə əbədiləşdirir. Ona görə də deyir: “Tərpənmə, qurban olum, qımıldanma, tapım şeirinin rənglərini”.
Başqa bir şeirdə isə bir anlıq gözəlliyin qarşısında zəifliyini belə etiraf edir:
Yox, bu gözəlliyin yanından
tez ötüb keçmək lazımdır,
bir an belə ayaq saxlamaq olmaz,
nəfəs də dərmək olmaz
harasa zillənmiş bu gözlərin qabağında...
Bu poeziyada “dünyanı gözəllik xilas edəcək” - əxlaqi-estetik idealının təsdiqini görürük. V. Səmədoğlunun bütün şeirlərində rənglər, səs, musiqi var. Çox vaxt onun misralarını rəngləri, səsi, avazı ilə yada salmaq olur. Məhz buna görədir ki, bu poeziyanı bambaşqa bir aləm hesab edirik. Bu aləmin öz qeyri-adilikləri var, bu aləmə daxil olduqdan sonra çox şeydən, həzin, kövrək, duyğuların kəşf etdiyi əsrarəngiz gözəlliklərdən, poetik tablolardan, həsrətli sevgidən, tənhalıqdan və bəzən kədərdən də zövq alırsan. Məsələn, yağış V. Səmədoğlunun lirikasında canlı obraz səviyyəsində bədii əxlaqi dəyər və estetik gözəllik meyarına çevrilir, peyzaj lirikası, təsəvvürümüzdəki standart yağış obrazı çərçivəsindən çıxır, insanın iqlimi ilə yox, onun mənəvi-psixoloji aləmi ilə vəhdətdə canlandırılır.
Yol verin, çəkilin,
pəncərənin şüşəsiylə
bir yağış damlası axır.
Yağış damlası axır,
axır təmənnasız.
Nə Allaha,
nə dünyaya,
nə insana
tutub üzünü!
Axır, pəncərə şüşəsində
neçə ayın tozunu yuya-yuya.
Aşağı, yalnız aşağı...
Xırdaca bir damla son nəfəsinə qədər üzü aşağı-pəncərə şüşəsindəki neçə ayın tozunu yuya-yuya axır. Biz bu yağış damlasının təmənnasızlığı qarşısında xəcalət çəkməli oluruq. Məqsədli, təmənnalı yaxşılıqlarımız üçün Allahdan, insanlardan həmişə cavab gözləmişik. İstəmişik ki, etdiyimiz hər hansı bir yaxşılıq nümayiş etdirilsin, qarşılıqlı, cavablı olsun.
Şair xırda detallarla geniş lövhə, yadda qalan səhnə, məkan yaradır və heç bir şeirdə ideya poetik ovqatı üstələmir. Hiss edirsən ki, şeir dilinə məxsus axıcılıq, avazlılıq məna ilə vəhdətdə olan bədii tapıntılar yüksək sənətkarlıq istedadından gələn şairlik məziyyətləridir.
Başqa bir şeirində gözəlliyi “qara yuxular kimi qatmaqarışıq dünya” obrazı ilə təzad şəklində canlandırır və həmin anı itirəcəyindən qorxur, onu şeirləşdirməyə tələsir:
Odur oyan,
vaxt var ikən hələ
bir şeir yazmaq istəyirəm
açılan gözlərindən...
Mənalandıra bilmədiyimiz, adi hesab etdiyimiz hadisələrin, mənzərə və görüntülərin hansı poetik çalarlarla ideya-estetik əhəmiyyət kəsb etdiyinə bir daha nəzər yetirək:
Qumru, bu gün başımdan
Kimsə ağlımı alıb,
Sən qonduğun budaqda
Bayaqdan gözüm qalıb...
Azad bir quşun budaqdakı yeri qibtə doğurur. Xoşbəxtliyinə köks ötürdüyü quşun asudə, qayğısız vəziyyəti də gözəlliyin bir anı hesab edilə bilər.
Vaqif sözün açılmayan qatlarını açdı və bu qatlarda necə gözəl rənglərin, çalarların örtülü qaldığının şahidi olduq. Poeziyada yeni söz-sözün yeni, orijinal poetik deyim tərzi elə ifadə olunan fikrə, ideya obyektinə yeni, özünəməxsus münasibət deməkdir.
Çox zaman dərdə, kədərə aludəliyinə görə tənqid olunan Vaqif yoxdan, olmayan yerdə sevinc, təbəssüm, işıq zərrələrini də görməyi bacarır. Ən kədərli aləmdə “eyvana qonmuş bir sərçə də sevincdir” - ümidini yaşayır.
Olmayan yerdə
göydə Ay da azadlıqdır,
yastı damlardan
Ayın apardığı
yuxulu uşaqlar da...
Yer üzündə azadlıq olmasa belə göydə Ayın azadlığına sevinmək lazımdır və bu azadlığın-Ayın cazibəsindən, əfsunundan ram olan uşaqlar da sevinc, ümid, təsəllidir.